“Adana Dəmirspor”a keçidi gündəmdə olan Şahruddin Məhəmmədəliyevin əsas heyətə düşmək üçün real şansı var. Belə ki, Türkiyə klubu qapıda ciddi sıxıntı çəkir
Futbolinfo.az xəbər verir ki, adanalıların hazırda heyətdə olan 3 qapıçısının heç birini vazkeçilməz futbolçu saymaq olmaz. Komandaya ötən il gələn Ertac Özbir əsas qolkiper sayılsa da, tam etibarlı deyil. Ötən mövsüm 27 matçda qapını qoruyan Ertac cari çempionatda hər 3 qarşılaşmada forma geyib.
Şahruddinin rahatlıqla ikinci qapıçı olacağını və əsas heyətə iddia edəcəyini gözləmək olar. Çünki komandaya ötən il qoşulan bosniyalı Qoran Karaciç meydan üzü görmür, 25 yaşlı Vedat Karakuş isə 3 ildə cəmi 3 dəfə şans qazanıb.
Vinçentso Montellanın istefaya göndərilməsindən sonra baş məşqçi postunda əyləşən Patrik Klyuvert komandanı Konfrans Liqasının qrupuna çıxara bilmədi. Onun yetirmələri pley-offda “Genk”ə məhz penalti seriyasında uduzdu, Türkiyə klubunun qapıçısı belçikalıların zərbələrindən heç birini dəf edə bilmədi. Komandanı qrupdan kənar qoyan zərbənin müəllifi isə “Adana Dəmirspor”un lideri Yunus Belhanda oldu. Klubun daha bir önəmli futbolçusu portuqaliyalı Nanidir.
Adanalılar mövsümə yaxşı başlamayıb. Komanda ilk 3 turda 1 qələbə, 2 heç-heçəylə yadda qalıb. Top fərqi isə yaxşı deyil, vurulan 6 qolun qarşılığında 5 dəfə topu tordan çıxarıblar. Məhəmmədəliyev “Qarabağ”dakı məsuliyyətsiz oyundan, səhvlərdən dərs çıxarsa, Türkiyə klubunda əsas heyət üzvü ola bilər.
Xatırladaq ki, “Adana Dəmirspor” bu yay “Turan Tovuz”la yoxlama oyunu keçimiş və 2:0 hesabı ilə qalib gəlmişdi.