“Neftçi”nin yeni transferi, ilk oyunundaca qol hesabını açan paraqvaylı Dieqo Valdesin futbolinfo.az saytına müsahibəsi
– “Neftçi”də debüt matçında qol vurdun və bu qol sayəsində komandan “Sumqayıt”ı məğlub etdi. Hansı hissləri keçirirsən?
– Əvvəlcə debüt etdiyimə, sonra da debütdə qol vurduğuma görə sevinirəm. Qazandığımız 3 xal mənim üçün çox dəyərlidir. Hər bir futbolçu arzuyır ki, yeni komandasında ilk oyununda bu cür çıxış etsin. Arzuladığımı gerçəkləşdirdim. Buna görə bütün komanda yoldaşlarıma təşəkkür edirəm.
– Yeni qitədə, yeni çempionatdasan. Bura sənə nə vəd edir?
– Mənim üçün yeni çağırışdır. Burada qol vurmaq mənə motivasiya verir. Gələcəkdə daha yaxşı şeylər olacağına çox inanıram. Qollar vurmağa davam edəcəm.
– Azərbaycan futbolu o qədər də məşhur deyil. Sənin də karyeran demək olar ki, Cənubi Amerikada keçib. İlk dəfə təklif alanda qəribə gəlmədi?
– Sözün düzü, Azərbaycan futbolu haqqında elə də çox bilmirdim. Paraqvayda demək olar ki, Azərbaycan futbolu haqqında heç bir məlumat yoxdur, media bu barədə heç nə yazmır. Təklifi aldıqdan sonra Azərbaycan haqqında, ölkə futbolu haqqında maraqlandım. Gördüm ki, intensiv, maraqlı futbol oynayan komandalar var. Ölkəmdə demək olar ki, komfort zonada idim. “Neftçi”nin təklifi barədə fikirləşdikdən sonra qəbul etməyi düşündüm. Qəbul etdim ki, komfort zonamdan çıxım və yeni ölkəyə gedim, yeni ölkədə özümü sınayım.
– Səndən öncə “Neftçi”də son olaraq həmyerlin Sezar Meza Kolli çıxış edib. Onu tanıyırsan?
– Ad olaraq eşitmişəm. Amma şəxsi tanışlığım olmayıb. Maraqlananda gördüm ki, iki qardaş – Derlis və Sezar burada oynayıb. İkisi də Bakı klubunda yaxşı çıxış edib.
– Bu ölkə xaricində çıxış edəcəyin ikinci klub olacaq. İlki heç də yaxşı alınmayıb…
– Meksikaya getmişdim. Orada zədə aldım və heç də uğurlu olmadı. Bu təcrübə mənim üçün yaxşı alınmadı. Ölkəmə qayıtdım. Lakin Azərbaycana gəlməyə qərar vermək çətin olmadı. Burada hər şey ürəyimcədir. Təkcə dil ilə bağlı problem var, çətinlik çəkirəm. Amma əsas odur ki, meydanda futbolçularla bir-birimizi başa düşək. Yavaş-yavaş bu çətinliyi də aradan qaldıracağıq.
– “Neftçi”dən azarkeşlər çempionluq tələb edir…
– Heyətdə kifayət qədər güclü və təcrübəli oyunçular var. Düşünürəm ki, hamılıqla özümüzü yaxşı tərəfdən göstərib maksimumu ortaya qoymalıyıq. Futbol komanda idman növüdür, təkcə bir nəfərdən asılı deyil. Əlimdən gələni edəcəm ki, komanda üçün xeyirli oyunçu olum.
AĞA