2014-15 mövsümündə “Qarabağ”ın formasını geyinmiş braziliyalı sabiq futbolçu Danilo Diasın futbolinfo.az saytına müsahibəsi

– Sabiq komandanız “Qarabağ” ardıcıl 10-cu dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazandı. Bunu gözləyirdiniz?

– Əlbəttə ki, gözləyirdim. “Qarabağ”ın qrupa düşəcəyinə zərrə qədər də şübhəm yox idi. Komandanın bunu Çempionlar Liqasında reallaşdırmasını istərdim. Amma Avropa Liqası da böyük turnirdir.

– Sizcə, Çempionlar Liqasının qrupu üçün nə çatmadı?

– Çempionlar Liqasının təsnifat mərhələsində uduzduqları “Rakuv”la hər iki oyunlarını izlədim. Məncə, həm evdə, həm də səfərdəki matçda “Qarabağ” rəqibindən daha yaxşı oyun göstərdi, kifayət qədər qol imkanları qazandı. Sadəcə, top qapıdan keçmək istəmədi. Futbol belədir, heç də həmişə güclü komanda qalib gəlmir.

– Komanda HJK və “Olimpiya” ilə görüşlərdə necə təsir bağışladı?

– Təcrübəli və daha güclü komanda qalib gəldi. “Qarabağ” uzun illərdir Avropa arenalarında öz sözünü deməyi bacarıb. Qurban Qurbanovun kollektivinin bu komandaları keçəcəyindən arxayın idim. Belə də oldu.

104647 - Futbolinfo.az

– Bəs “Qarabağ”ın Avropa Liqasının qrupundakı rəqiblərindən xəbərdarsınız?

– Məncə, pis qrupa düşməyiblər. Bu qrupdan çıxmaq olar. “Bayer” də daxil olmaqla, heç bir komanda Avropa nəhəngi deyil. “Qarabağ” elə gözəl, baxımlı oyun sərgiləyir ki, hətta “Bayer”i də udsalar, təəccüblənmərəm. Düzdür, İsveç və Norveç futbolu yaradıcı, texnikalı oyuna üstünlük verən komandalara tərs gələ bilər. Amma yenə də Qurban Qurbanovun ustalığına və komandasının gücünə inanıram.

– Riçard Almeyda və Julio Romaodan sonra daha iki braziliyalı futbolçu – Mateus Silva və Juninyo Olavio bu yay “Qarabağ”a keçdilər. Həmyerlilərinizlə bağlı nə deyə bilərsiniz?

– “Qarabağ”ın braziliyalılara üstünlük verməsinin səbəbi məlumdur. Bu komandanın oyun üslubu braziliyalı futbolçuların sevdiyi tərzdədir. Mateus və Juninyo da yaxşı futbolçulardır. Onların uyğunlaşma problemi yaşayacağını düşünmürəm. Çünki “Qarabağ”da əsl ailə ab-havası hökm sürür. Juninyo artıq qollarını vurmağa başlayıb. Onu çoxdan tanıyıram, güclü futbolçudur. Onların komandaya daha çox xeyir verəcəklərinə inanıram.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp