Vaxt vardı Azərbaycan çempionatında hansısa vacib oyunda hər futbolçu qələbəyə görə 15-20 min dollar mükafat alırdı. Komanda üzrə ümumi mükafat fondu 300-400 min dollarla ölçülürdü.

Beləcə pullar dağıdılır və mövsümün sonunda bəlli olurdu ki, həmin qələbələr komandaya yer tutmağa, avrokuboka vəsiqə qazanmağa kifayət etməyib. Sadəcə, pullar dağıdılır, havaya sovrulurdu. Ağıllı strategiya olmadan xərclənən, yaxın hədəfə hesablanan, qalıcı layihəyə yatırıma çevrilməyən pullar…

Bu gün II Liqa klublarının şəraitsizliyinə rişxənd edirik. Halbuki son 15 ildə, indiki AFFA rəhbərliyinin zamanında minimum 2 milyard manat dövlət vəsaiti futbola yatırılıb, kimlərinsə cibinə gedib, xüsusilə bölgələrdə yetərli infrastruktur qurulmayıb. Pul xərclənib, amma ortada heç nə yoxdur – nə kadr yetişdirilib, nə şərait qurulub. Bakıda bir neçə stadion var, bölgələrdə isə klublar qan ağlayır, hətta tikilənlər də baxımsızlıqdan bərbad vəziyyətdədir.

Elxanlar, tuyqunlar, zeynallar, nikolovlar və daha kimlər özü üçün sərvət toplayıb getdi, futbol isə yetim günündə qaldı.

Dünən bölgə müxbirimizin göndərdiyi foto keçmişi yadıma saldı. Sən demə…

…I Liqada mübarizəyə hazırlaşan “Mingəçevir” ev oyunlarında qonaqları məmnun etmək üçün “yenidənqurma” işləri görüb. Belə ki, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda, ağacların arasında yeni “hakimlər otağı” hazırlanıb. Dəmir konstruksiyalı vaqonda hakimlər üçün paltardəyişmə yeri də var, yuyunmaq üçün mütəvazi şərait də.

Mingəçevirliləri məzhəkə obyektinə çevirmək niyyətindən uzağam, məhdud imkanlarla mümkün olanın ən yaxşısını ediblər. Sadəcə, ötən illər ərzində dağıdılan milyonlar yadıma düşəndə təəssüflənirəm. “Mingəçevir” milyonçunun dilənçi övladı qismindədir. İddialı klubların düşərgədə 15-20 legioner saxladığı vaxtlar, AFFA-nın Eddi İsrafilovun milliləşdirilməsinə görə 700-800 min dollar xərclədiyi dönəmlər, hər oyuna yarım milyon manatın mükafat qoyulduğu günlər…

…Heç o zaman da kimsənin bölgə futboluna diqqət ayırmaq yadına düşməyib. Halbuki Mingəçevir həmişə futbol şəhəri kimi tanınıb, SSRİ çempionatlarında təmsilçisi olub. AFFA-nın indiki rəhbərliyinin vaxtında isə daim ögeylik görüb. Və bu komanda indi qonağını vaqonda qarşılayacaq.

VÜSAL MAHMUDOV

Shares: