“Qəbələ” heyətini gücləndirməyə çalışır. Bölgə təmsilçisi yaranan fasilədən istifadə edərək yeni legioner axtarır.
Futbolinfo.az xəbər verir ki, mövsümə uğursuz başlayan komanda son olaraq Samuel Tettehi heyətinə qatıb. Lakin baş məşqçi Elmar Baxşıyev ən azı daha bir vinger tələb edir. Hazırda namizədlər araşdırılır.
Bu məsələdə klub daxilində gərginlik də var. Baxşıyev baş menecer Nail Kərimovdan narazıdır və haqsız sayılmamalıdır. Məşqçi üçün geniş seçim imkanı yarada bilməyən bu şəxsin israrı ilə komandaya götürülən əcnəbilər ümidi doğrultmur. İsraili oyunçular – Osama Xalayla və Gilad Bayramov komandanın ümumi səviyyəsinə uyğunlaşa bilmir. Təsadüfi deyil, “Qəbələ” mövsümdə ilk qələbəsini məhz qol ümidi sayılan Xalaylanın ehtiyata atıldığı görüşdə qazandı.
Limiti faydasız oyunçularla dolduran, büdcəni xərcləyən Kərimov indi Baxşıyevin istədiyi futbolçuları gətirə bilmir. Bu isə nəticələrdə əksini tapır. Problemin böyüməsindən sonra transferlərə qarışmamağı ilə seçilən klub prezidenti Fariz Nəcəfov məsələylə maraqlanıb. O, Kərimovu danlayıb və bundan sonra oyunçu seçimində ixtiyarı baş məşqçiyə verib.