Millətlər Liqasının son 3 oyununda qalib gələn, daha sonra Moldova və Şimali Makedoniya yığmalarını yoldaşlıq görüşündə məğlub edən millimizə Avropa çempionatının seçmə mərhələsi ərəfəsində inamımız böyük idi. Təbii ki, Belçika, İsveç və Avstriya millilərinin əhatəsinə düşən komandamızın möcüzəyə imza atacağına, ilk iki pillədən birini tutacağını gözləmirdik. Amma ən azı Canni de Byazininin əlinin altındakı futbolçuların güclü rəqiblərinə layiqli müqavimət gösətəcəyinə ümid bəsləyirik.
Təbii ki, belə bir komandadan Estoniyadan 6 xal qoparmağı tələb edirdik. Amma milli növbəti dəfə ümidlərimizi puç etdi. Avstriya və İsveç səfərlərindən darmadağınla qayıdan yığmamız, bu azmış kimi evdə estonları da məğlub edə bilmədi. Hələ onu demirik ki, evdə estonlara da uduza bilərdik. Di gəl ki, Anton Krivotsyuk Canni de Byazini ip üstündən götürdü.
3 görüşə 1 xal qazanan bu komandadan Belçika ilə ev oyununda nəsə gözləməyə dəyməz. Hər halda, qrupun əsas favotiri ilə oynayırıq. Doğrudur, belçikalılar “Dalğa Arena”ya zədəli Tibo Kurtua və Kevin de Bruynesiz çıxacaq. Amma bu itkilər qonaqlar üçün başağrıya çevrilə bilməz. Yəni, buna görə qətiyyən ümidlənməməliyik.
Belə vəziyyətdə millimizdən möcüzə gözləməyə dəyməz. İyunun 17-də Brüsseldə Avstriya ilə görüşdə xal itirən Domeniko Tedeskonun komandası ardıcıl ikinci matçında büdrəcəyəni ağlından belə keçirmir. Özü də qrupun autsayderi ilə matçda… Hər nə qədər 12 il əvvəl, sentyabrın 2-də Tofiq Bəhramov adına Respublika Stadionunda xal itkisi ilə üzləşsələr də, həmin komandanın indiki qədər əzəmətli olmadığını qeyd etməliyik. Amma o da var ki, həmin dövrdən sonra dirçələn Belçika pik dövrünü geridə buraxıb.
Bəli, AÇ-2012-nin seçmə mərhələsində millimizlə eyni qrupda yer alan, amma bizim kimi Ukrayna və Polşada keçirilən turnirə yollana bilməyən belçikalılar daha sonrakı turnirlərdə özünü yaxşı tərəfdən göstərə bildi. Bu müddət ərzində (ayrı-ayrı dövrlərdə) Mark Vilmots və Roberto Martinesin başçılığı altında final mərhələlərinə vəsiqə qazanan bu komanda yalnız bir dəfə qrupda qaldı. Bəli, söhbət ötən ilk Qətərdə keçirilən dünya çempionatından gedir. Bu komandanın ən yaxşı nəticəsi isə 2014-cü ildə Rusiyada keçirilən mundialda dünya 3-cüsü olmasıdır. Bu isə ölkə tarixinin ən yaxşı göstəricisidir.
Doğrudur, belçikalılar DÇ-1986-cı ildə də yarımfinala yüksələ bilmişdi. Amma onda 3-cü yer uğrunda görüşdə Fransa seçməsinə məğlub olmuşdular. Hə, bu komandanın AÇ-1980-ci ildə Avropa çempionatının finalına çıxmasını da unutmaq olmaz. Amma həmin dövrün “qızıl nəsli” heç bir turnirin qalibi olmamışdısa, budəfəki komandanın sindromu qıracağına inam böyük idi. Yəni, tarixin müəyyən dövrlərində Danimarka, Yunanıstan və Portuqaliya kimi millilər bunu bacarıbsa, Belçika da işin öhdəsindən gələ bilərdi. Amma nə Vilmots, nə də Martines ağır yükü daşıya bildi.
AÇ-2016-da “qırmızı iblislər” 1/4 finalda gözlənilmədən Uelslə bacarmadılar. Halbuki, Kurtua, Hazard, de Bruyne, Felaini, Mertens və Lukakulu komanda ən azı finala çıxmalı idi. Bir sözlə, adıçəkilən oyunçulardan qurulan “qızıl nəsil” son 10 il ərzində bütün turnirləri nəzərə alsaq, maksimum “bürünc”ü qazanmağı bacardı.
Yaş amilini nəzərə alsaq, artıq tükənmək üzrədirlər. Son mundialda qrupda qalmaları bunun sübutudur. Qarşıdakı Avropa çempionatı bu nəslin son şansıdır. Doğrudur, indiki heyət yalnız “köhnələr”dən ibarət deyil. Gəlin etiraf edək ki, yeni nəsil də o deyil. Məsələn, son dönəmdə “Brügge”dən “Milan”a transfer olunan Şarl de Ketelareyə gələcəyin ulduzu gözü ilə baxırdılar. Amma o da “rossonyerlilər”in heyətində özünü göstərə bilməyib “Atalanta”ya icarəyə verildi. Məsələn, son dövrlərdə yüksəlişdə olan, “Brayton”dan “Arsenal”a keçən Leondro Trossara da diqqət ayırmaq olar. Di gəl ki, o da bir neçə il əvvəlki Eden Hazard və Kevin de Bruyne səviyyəsində futbolçu deyil. Görünən odur ki, artıq bu komanda son barıtını atmaq üzrədir.
Bir məqamı da nəzərə almalıyıq ki, Domeniko Tedeskonun gəlişindən sonra “qırmızı ilbislər” “partlayış”la yadda qaldı. Qrupumuzda keçirdikləri ilk oyunda səfərdə İsveçi 3:0 hesabı ilə darmadağın etdilərsə, daha sonra 1954-cü ildən bəri məğlub edə bilmədikləri Almaniya yığmasının öhdəsindən səfərdə gəlməyi bacardılar – 3:2. Avstruya ilə evdə 1:1 hesablı heç-heçə etdikdən sonra Tallində Estoniyanın müqavimətini çətinlik çəkmədən, 3 cavabsız qolla qırmağı bacardılar. Komanda indi italiyanəsilli almaniyalı mütəxəssislə daha istəkli oynayır. “Dalğa Arena”da meydanın hər qarışı uğrunda mübarizə aparan komanda görəcəyik. Məsələn, Estoniya ilə görüşdə meydanda rəqibinə hörmətlə yanaşan komanda var idi.
Bəs, qrupun ən reytinqli və iddialı rəqibinin qarşısını kəsmək üçün nə etmək lazımdır? Təbii ki, bunu kağız üzərində yazmaq asan olduğu qədər meydanın içində reallaşdırmaq bir o qədər problemli məsələdir. Amma yenə də zəif və güclü nöqtələrini deməyə məcburuq. Kurtua olmadığnından və Minyoleni milliyə çağırmadığından Tedesko 4 qapıçı ilə Bakıya gələcək. Estonlarla oyunda “Strasburq”un qolkiperi Mats Selsə şans vermişdi. Amma bu dəfə “Volfsburq”dan Koen Kastels, “Standart”dan Arno Bodar, “Luton”dan Tomas Kaminskiyə də şans verilə bilər. Millidə debüt oyununa çıxmayan Kaminskinin artıq İngiltərə Premyer Liqasında oyunlarının həyacanını yaşadığını nəzərə alsaq, Tedeskonun onun siftə etməsinə imkanı yaratması mümkündür.
Müdafiə xəttinə gəlinncə, mərkəzdə qocaman Yan Vertongenin meydana çıxacağına şübhə yoxdur. Hazırda “Anderlext”də çıxış edən 36 yaşlı müdafiiəçi seçmə mərhələdə yalnız Avstriya ilə görüşdə meydana çıxmadı ki, həmin görüşdə də belçikalılar xal itirdi. Yeri gəlmişkən, həmin görüşdə Tedesko 3-lü müdafiədən istifadə etməyinin cəzasını çəkmişdi. Səfərdə İsveç və Estoniya ilə oyunlarda 4 müdafiəçi ilə oynamışdılar.
Müdafiənin mərkəzində böyük ehtimalla Vertongenə “Lester”in müdafiəçisi Vaut Fas kömək edəcək. İndiyə qədər millinin heyətində 2 oyun keçirən 25 yaşlı müdafiəçi döyüşkənliyi ilə seçilsə də, belə oyunlarda təcrübə sarıdan axsayır, Vertongenin isə o dövrü deyil. Müdafiə xəttləri “axill daban”nı xatırladır ki, bundan yararlanmaq olar. Amma bu sözləri cinahlara aid etmək olmaz. Bu yay “Lester”dən “Fulhem”ə keçən Timoti Kastan istər cinah reydləri, istərsə də, vurduğu qollarla təhlükəli oyunçu olduğunu dəfələrlə sübut edib. Elvin Cəfərquliyev onunla duellərdə çətinliklə üzləşəcək. Sol cinahda qərarlaşan “Renn”in müdafiəçisi Artur Teatı da gözdən qoymaq olmaz. Doğrudur, 23 yaşlı müdafiəçinin yığma təcrübəsi azdır. Amma o da reyd, ötürmə və qol sıradan “az aşın duzu” deyil.
Yarımmüdafiənin mərkəzində Yuri Tilemans “meydan sulayır”. 4 il “Lester”in “onurğa sütunu” olan 26 yaşlı futbolçu indi “Aston Villa”da məharətini göstərir. Bu futbolçunun meydanın mərkəzindəki pressinqindən çıxmaq və həmələlərini zərərsizləşdirmək Emin Mahmudov və Aleksey İsayev üçün çətin olacaq. Deyərdik ki, bu zona oyunun ən kritik nöqtəsi olacaq. Eminlə Alekseydə eniş yaşandığını nəzərə alsaq, Tilemans başımızı əməlli-başlı ağrıda bilər. Hələ Tedesko bugünlərdə Səudiyyə Ərəbistanına üz tutan “Atletiko”nun “sürət qatarı” Yannik Karraskonu döyüşə atsa, vəziyyət daha pis ola bilər. “Arsenal”ın Leandro Trossarını isə təqdim etməyə dəyməz. Kritik oyunların futbolçusu da sürətinə görə Karraskodan geri qalmır.
Hücuma gəlincə, Romelu Lukaku ilə Mişi Batşuayi adları canımıza qorxu sala bilər. Amma bugünlərdə “Roma”ya keçən Romelulunun kondisiya problemlərini qeyd etməliyik. O, “Çelsi”də belə komandadan ayrıca məşq edirdi. Batşuayi isə “Fənərbağça”nın heyətində bu mövsüm ölkə çempionatında yalnız bir görüşdə meydana çıxıb. “Mançester Siti”yə transfer olunan Jeremi Dokunun da bizə qarşı meydana çıxması mümkündür. Bu futbolçuları hansı müdafiəçilərlə saxlayacağımız maraq doğurur.
Bəlkə də Belçika millisininin zəif nöqtələrindən çox danışmaq olar. Hər halda, gördüyünüz kimi hücumçuları formada deyil və s. Amma bütün bu nöqsanlar bizimlə oyunda nə dərəcədə qabarıq görünəcək ki? İşimiz Alllaha qalıb.
ABBAS