“Qarabağ” futbol akademiyasının koordinatoru Aftandil Hacıyevin futbolinfo.az saytına müsahibəsi

– Bu yaxınlarda “Qarabağ”ın U-15 komandası Türkiyədə “Kartepe Kuboku” turnirinə qatıldı və çempion oldu. Turnirlə bağlı təəssüratlarınız necədir?

– Komandamız ilk dəfə beynəlxalq turnirdə iştirak edirdi. Bu, perspektiv vəd edən komandadır. Kocaelidəki yarışda 4 oyun keçirdik. Qrupdakı 3 görüşün ardından finala yüksəldik. Həlledici qarşılaşmada isə Kocaelinin komandasına qalib gəldik. Tariximizdə ilk dəfə aşağı yaş qrupu komandamız beynəlxalq turnirin qalibi oldu.

– Orada olduğunuz müddətdə “Qalatasaray”ın akademiyasına da baş çəkdiniz. İstanbul klubunun nümayəndələri ilə görüşdə nələri müzakirə etdiniz?

– “Qalatasaray”ın Florya bölgəsində kifayət qədər böyük sahəsi var. Həm əsas komanda, həm də akademiyanın uşaqları eyni yerdə məşq edirlər. Amma meydançaların sayı kifayət qədər çoxdur. Hərəsinin öz məşq meydançası var. Orada İdarə Heyətinin və akademiyanın koordinatoru ilə görüşümüz oldu. Gələcək əməkdaşlıq barədə söhbətlərimiz oldu. Bildiyiniz kimi, iki klub arasında əməkdaşlıq var. Müqavilədə akademiyalar arasında əməkdaşlıq da yer alacaq. Məsələn, “Qalatasaray”a təklif olunan turnirlərdə “Qarabağ”ın da iştirakı kimi məsələlər əməkdaşlıqda qeyd olunacaq.

– “Qarabağ”a koordinator təyin edildiyiniz dönəmdən bəri nə kimi dəyişikliklərə nail olmusunuz?

– Artıq bir aydan çoxdur ki, buradayıq. Düzü, akademiyada radikal dəyişikliklərə ehtiyac yoxdur. Yeni kollektiv formalaşdırmışıq. İki yerdə məskunlaşmışıq – “Sərhədçi” idman kompleksində və Tofiq Bəhramov adına Respublika Stadionunda. Yuxarı yaşlılar “Sərhədçi”də, azyaşlılar isə mərkəzi arenada hazırlaşırlar. Akademiyaya nəzarəti bir qədər də artırdıq. Hər iki yerdə köməkçilərim olacaq. Həmçinin skaut şöbəsi yaratdıq. Bu gün bir nəfərlə kifayətlənirik. Amma gələcəkdə bu şöbənin əməkdaşlarının sayını artırmaq istərdik.

– Hazırlıq keçdiyiniz məkanlarda meydançaların durumu necədir?

– “Sərhədçi”nin ot örtüyü yararsız hala düşüb. Onun yenilənməsi ilə bağlı rəhbərliklə söhbətlərimiz yekunlaşmaq üzrədir. Düşünürəm ki, müsbət cavab alacağıq. Məncə, yaxın zamanlarda meydança dəyişiləcək.

– Əsas komanda ilə işbirliyi necə qurulub?

– İstedadlı futbolçuları qısa müddətdə əsas komandaya çatdırmaq üçün yuxarı yaş qruplarındakı bəzi uşaqları tez-tez onların məşqinə göndəririk. Bununla bağlı Qurban Qurbanovla razılığımız olub. Bir neçə oyunçu artıq məşqlərdə iştirak edib. Hətta bəziləri baş məşqçinin maraq dairəsinə düşə bilib. Yaxın gələcəkdə bu prosesi daha da sürətləndirib, istedadlı uşaqları üzə çıxarmaq və əsas komandaya qazandırmaq niyyətindəyik. Belə futbolçularımız mövcuddur. Sadəcə, onları üzə çıxarmağa çalışırıq.

185308 1kv6u4huyc - Futbolinfo.az

– Məşqçi heyətində nə kimi dəyişikliklər oldu?

– Cüzi dəyişiklik oldu. Həm aşağı, həm də yuxarı yaş qruplarına yeni məşqçilər cəlb etmişik. Onların arasında hər kəsə tanış simalar da var. Millinin və “Qarabağ”ın sabiq futbolçuları Rəşad Sadiqovla Rauf Əliyevin adını qeyd edə bilərəm.

– Bildirdiniz ki, akademiyanın uşaqlarının yarısı “Sərhədçi” idman kompleksində, yarısı isə Tofiq Bəhramov adına Respublika stadionunda hazırlaşır. Belədə onlara nəzarət etmək çətin olmur?

– Hər iki yerdə köməkçilərim var. “Tofiq Bəhramov”da Səttar Əliyev U-13-lərdən aşağı komandalara koordinator köməkçiliyini edir. “Sərhədçi”də isə Yaşar Hüseynov bu vəzifəni icra edir. Komandalarmız nə məşqlərdə, nə də oyunlarda nəzarətsiz qalır.

– Skaut işi əsasən Bakıda aparılır?

– Xeyr, artıq rayonlara çıxmışıq və bir neçə futbolçu cəlb etmişik. Rayondan gələn oyunçularımız var. Yaxın gələcəkdə tez-tez gedib, bölgələrimizdəki istedadlı uşaqları akademiyaya cəlb etməyi düşünürük.

– İstər “Qarabağ”, istərsə də digər klublar son illər gözlənilən səviyyədə oyunçular yetişdirmir. Bunun səbəbi nədir?

– Nəriman Axundzadə artıq əsas komandanın üzvünə çevrilib. Düşünürəm ki, yaxınlarda daha bir neçə gəncin əsas kollektivə cəlb olunmaq ehtimalı yüksəkdir. Ümumiyyətlə, bütün bunlar böyük əmək, maddiyyat tələb edib. Futbolçunun yetişməsi üçün onun fitri istedadı kifayət etmir. İstedadı inkişaf etdirmək üçün yaxşı bazaya sahib olmalı, güclü məşqlər keçməlisən. Həmçinin il ərzində bir neçə dəfə beynəlxalq turnirlərə qatılmaq vacibdir. Keyfiyyətləri yüksəltmək üçün fərdi məşqlər keçmək də vacibdir. Bunların hamısını tətbiq etmək üçün qarşımızda mərhələli şəkildə reallaşdıracağımız layihə var. Ən böyük problemdən başlamışıq ki, bu da meydançadır. Ondan sonra digər çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Rəhbərlik bunları pillə-pillə aradan qaldıracağına söz verib.

– “Qarabağ”la yanaşı, digər klubların aşağı yaş qruplarına, az da olsa, bələdsiniz. Futbolumuzun gələcəyi necə görünür?

– Məncə, futbolumuzun gələcəyi təkcə “Qarabağ”dan asılı olmalı deyil. Qısa müddətdə müşahidələrimə əsasən deyə bilərəm ki, istedadlı oyunçularımız var. “Neftçi”də, “Sabah”da, “Qəbələ”də, bir sözlə, bütün klublarımızda bacarıqlı uşaqlar görmək mümkündür. Sadəcə, onları üzə çıxarmaq, peşəkar şəkildə yetişdirmək mütləqdir. Futbolçu da peşəkar səviyyənin başqa yanaşma olduğunu hiss etməlidir. Çünki hər akademiyada peşəkar yanaşma olmur. Düşünürəm ki, peşəkarlaşma olsa, futbolçular da qısa müddətdə yüksək səviyyədə oyun ortaya qoymağa başlayacaqlar.

AĞA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

fggfh 1 1 1 1 1 1 768x615 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 2 1 - Futbolinfo.az
Shares: