Misli Premyer Liqasında yeni mövsüm maraqlı başlayıb. 5 turdan sonra nəinki xal itirməyən, hətta uduzmayan komanda qalmayıb. İddialılar tez-tez büdrəyir, komandalar arasında ciddi xal fərqi yoxdur, hamı bir-birinin burnunun dibindədir.
Amma bu, inkişaf göstəricisi sayıla bilərmi? Azərbaycan çempionatında dəyişən limitə əl gəzdirilməsi ilə legioner sayının çoxalması, klubların büdcələrinin qismən bərabərləşməsidir. Bu səbəbdən çempionatın inkişafından yox, heyətlər arasında balans yaranmasından danışa bilərik. Və bu da gərgin mübarizəyə səbəb olub.
Azərbaycan klubları hələ də avrokuboklardan erkən, boynubükük dönür. Deməli, qitə miqyasında rəqabətədavamlı deyilik, ölkə daxilində uğur qazanmaqla bir-birini üstələmək hələ inkişaf göstəricisi sayılmamalıdır.
“Zirə” bu gün zirvədədirsə, yaxşı legioner seçiminə görə fərqlənir. “Turan Tovuz”un uğurları da, “Səbail”in dirçəlməsi də, “Araz-Naxçıvan”ın sürət yığması da, “Sumqayıt”ın yuxarılarda yer alması da buna görədir. Əcnəbiləri faydasız olan “Qəbələ”, kifayət qədər legioner gətirməyən “Kəpəz” autsayderlər qrupundadırsa, səbəb eynidir.
Futbol bundan ibarətdirmi? 10 klub milyonlar xərcləyir, dördü avrokuboka gedir, üçü yay bitməmiş çıxışını bitir və eyni ssenari hər il təkrarlanır. Bu, ölkə futbolunun inkişafı deyil, ayaq üstə süni şəkildə, dotasiya hesabına saxlanmasıdır. “Qarabağ”ın illər ərzində qurulan sistem və fədakar insanlar sayəsində reallaşan uğurunu çıxsaq, ölkə futbolunda bomboş səhralıq var, gözdən pərdə asılır.
Legioner transferlərinə başı qarışan klublarımız kimi yetişdirir? Ötən mövsüm yenə Yusif İmanov və daha bir-iki nəfər üzə çıxmışdı, bu il isə 5 turdan sonra kimsədən bəhs edə bilmirik. Legioner limitinin yumşaldılması ilə yerli gənclər ümumiyyətlə, yaddan çıxıb. Hamı nəticəni düşündüyündən risk edən yoxdur.
Avrokubok oyunlarına görə heyətdə aparılan rotasiya olmasaydı, “Qarabağ” çətin ki, Nəriman Axundzadəyə şans verərdi. Başqa kim var? Daimi şans alan heç kim. Belədə hansı inkişafdan danışa bilərikmi?
ABBAS