Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyunöncəsi mətbuat konfransında iştirak edib.

Futbolinfo.az xəbər verir ki, 38 yaşlı mütəxəssis sabahkı qarşılaşmaya hazır olduqlarını bildirib.

Heyətdəki itkilərdən söz açan məşqçi xüsusən də Kevin De Bruynenin olmamasından narahatlığını dilə gətirib:

“De Bröyneni birbaşa əvəz etmək mümkün deyil. Hətta onun yoxluğu “Mançester Siti”də də hiss olunur. Bizim üçün də eyni vəziyyətdir. Həmin mövqedə çıxış edəcək oyunçunun intensivliyi və kreativliyi çox vacib olacaq”.

38 yaşlı mütəxəssis hücumçu Romelu Lukakunun oyun praktikasından əziyyət çəkməsinə baxmayaraq, sabahkı görüşdə iştirak edəcəyini söyləyib.

O, meydançanın durumuna çox fikir vermədiklərini vurğulayıb: “Şərtləri olduğu kimi qəbul etmək lazımdır. Yaxşı ki, bura tez gəldik. Söhbət təkcə meydançanın durumundan deyil, paltardəyişmə otağından da gedir. Ancaq meydançadan kənardakı məsələlərə diqqət ayırmağa ehtiyac yoxdur. Bu məsələni özümüz daxildə müzakirə etdik”.

Baş məşqçi gərgin olduğunu deyib: “Həmişəkindən daha çox gərginəm. İndidən bizim final mərhələsinə vəsiqə qazanmağımızı qeyd edirlər. Məncə, bu, düzgün deyil. Azərbaycan İsveçə 0:5 hesabı ilə uduzsa da, birinci hissə tam fərqli keçmişdi. İlk qolu vursaydılar, nəticə fərqli olardı. Bizimlə oyunda da bu hal yaşana bilər. Rəqibin heyətində sol cinah oyunçusunu qeyd edərdim. Qollarda yaxından iştirak edə bilir”.

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək matç saat 17:00-da başlayacaq.

Shares: