Azərbaycan yığmasının sabiq üzvü Vidadi Rzayevin futbolinfo.az saytına müsahibəsi
– Milli komandamız sentyabrın 9-da AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçikanı qəbul edəcək. Yığmamızdan güclü rəqiblə görüşdə sensasiya gözləməyə dəyər?
– Millətlər Liqasını birinci pillədə başa vura bilmədik. Ardınca Avropa çempionatının seçmə mərhələsinə uğursuz başladıq, ilk 2 oyunda 9 qol buraxdıq. Bunları nəzərə alanda Belçika önündə millimizdən uğurlu nəticə gözləmək olmur. Ən yaxşı halda heç-heçəyə ümid etmək olar, amma o da çətin görünür. Mənim proqnozlarım adətən özünü doğrutmur. Təki bu dəfə də elə olsun və millimiz qələbə qazansın.
– Sizcə, millimiz seçmə mərhələni neçə xalla və hansı pillədə başa çatdıracaq?
– Dəqiq proqnoz vermək olmur. Seçmə mərhələni heç olmasa, Estoniyadan öndə bitirmək lazımdır. Bunun üçün estonlara Bakıda qalib gəlməliydik, amma onu da bacarmadıq. Seçmə mərhələnin sonunda onlardan öndə olmaq istəyiriksə, səfərdə Estoniyanı məğlubiyyətə uğratmalıyıq. Bunu hər dəfə deyirəm ki, bizim yığmaya milyonlar xərcləyib əcnəbi məşqçi gətirmək lazım deyil. Millinin baş məşqçisi yerli mütəxəssis olmalıdır.
– Keçək ölkə çempionatına. Son çempion “Qarabağ” geridə qalan 5 tur ərzində cəmi 7 xal toplayıb. Ağdam klubu turdan-tura əvvəlki gücünə qayıdıb titulunu qoruya biləcəkmi?
– “Qarabağ” ötən illərə baxanda hələ sabit çıxış etmir. Əvvəlki mövsümlərdə komandanın iki rəqabətli heyəti var idi. Avrokuboklarda bir, çempionatda başqa heyət oynayırdı. Amma bu mövsüm iki eyni gücə malik heyəti yoxdur. Baş məşqçi Qurban Qurbanov “Kəpəz” və “Səbail”lə görüşlərdə heyətdə rotasiyalar etmişdi, amma bunlar öz effektini vermədi. Ehtiyat oyunçular skamyasında əyləşən futbolçular hələ özlərini doğrultmurlar. Buna baxmayaraq, “Qarabağ”ın cari mövsümdə də çempionluğa oynayacağına əminəm. Fikrimcə, çempionluq mübarizəsi əsasən “Qarabağ”, “Neftçi” və “Sabah”ın arasında gedəcək. Bu siyahıya “Zirə”ni də əlavə etmək olar.
– “Neftçi”də baş verən dəyişikliklər komandanın xeyrinə olacaqmı? Vaxtilə formasını geyindiyiniz flaqman bu mövsüm çempionatı birinci pillədə bitirə və “Qarabağ”ın hegemonluğuna son qoya biləcək?
– “Neftçi”dəki dəyişikliklər labüd idi, olmalıydı. Çünki neçə illərdir “Qarabağ”ın hegemonluğuna son qoya bilmirlər. Aydın məsələdir ki, Adrian Mutunu komandanı çempion etmək üçün gətiriblər. “Neftçi”nin Konfrans Liqasındakı çıxışı məni qane etmədi. Könül istərdi ki, turnirin qrup mərhələsinə vəsiqə qazanaydılar. Çempionatın ilk turlarında da yaxşı təsir bağışlamadılar, xal itkilərinə məruz qaldılar. “Neftçi” bundan sonra tam çempionata köklənəcək və “Qarabağ”la sona qədər rəqabət aparacaq. Bu il də çempion olmasalar, bu, “Neftçi” üçün fiasko sayılacaq.
– Sizin üçün doğma olan digər klubla – “Kəpəz”lə davam edək. Vaxtilə formasını geyindiyiniz və məşqçi işlədiyiniz komandanın cari mövsümdəki çıxışından razısızmı?
– Düzdür, ilk turlarda “Neftçi”yə qalib gəldilər və “Qarabağ”la heç-heçə etdilər. Bu da “Qarabağ”ın bayaq dediyim kimi, ikinci heyətinin əvvəlki illərlə müqayisədə zəif olmasını təsdiqləyir. “Kəpəz”in qazandığı xallara kölgə salmaq istəmirəm. Amma “Neftçi” avrokubok oyunundan qayıtmışdı, tam bərpa oluna bilməmişdilər. Üstəlik, “Neftçi” yayda yaxşı təlim-məşq toplanışı da keçməmişdi, Sankt-Peterburqdakı turnirlə kifayətlənmişdilər. Bunu digər mütəxəssislər də deyirlər, mən də o fikirdəyəm ki, bu mövsüm çempionatı tərk etməyə ən real namizəd “Kəpəz”dir. Kaş ki, bu proqnozum da səhv çıxa. Düzdür, 4 xal toplayıblar. Amma belə görünür ki, çempionatda ən zəif komandalardan biri “Kəpəz”dir. Debütant “Araz-Naxçıvan” da gəlib Gəncədə “Kəpəz”i məğlub etdi.
– Bu yay Azərbaycan klubları xeyli sayda yeni transferlər etdilər. Geridə qalan 5 tur ərzində hansı legionerlər diqqətinizi çəkə biliblər?
– “Neftçi”nin yeni müdafiəçilərindən olan Yuri Matias xoşuma gələn transferlərdəndir. Digəri isə yayda “Qəbələ”dən “Zirə”yə keçən Ruan Renatodur. Onu “Qarabağ”da çıxış edən Kevin Medinaya bənzədirəm, oyun tərzləri eynidir. Düzdür, o, Azərbaycana yeni gəlməyib, çempionatımızda çoxdan çıxış edir. Bu mənada daha çox “Neftçi”nin yeni transferini vurğulamaq istərdim.
ABBAS