Vidadi Rzayev “Qarabağ”ın Misli Premyer Liqasının cari mövsümünə uğursuz başlamasının səbəbini bilir. Sabiq yarımmüdafiəçi bunu ağdamlıların heyətinin zəif olması ilə izah edir.

Azərbaycan yığmasının sabiq üzvü futbolinfo.az saytına açıqlamasında fikrini izah edib: “Qarabağ” ötən illərə baxanda hələ sabit çıxış etmir. Əvvəlki mövsümlərdə komandanın iki rəqabətli heyəti var idi. Avrokuboklarda bir, çempionatda başqa heyət oynayırdı. Amma bu mövsüm iki eyni gücə malik heyəti yoxdur. Baş məşqçi Qurban Qurbanov “Kəpəz” və “Səbail”lə görüşlərdə heyətdə rotasiyalar etmişdi, amma bunlar öz effektini vermədi. Ehtiyat oyunçular skamyasında əyləşən futbolçular hələ özlərini doğrultmurlar”.

Rzayev “Neftçi”də baş verən dəyişiklikləri gözləyirmiş: “Neftçi”dəki dəyişikliklər labüd idi, olmalıydı. Çünki neçə illərdir “Qarabağ”ın hegemonluğuna son qoya bilmirlər. Aydın məsələdir ki, Adrian Mutunu komandanı çempion etmək üçün gətiriblər. “Neftçi” bundan sonra tam çempionata köklənəcək və “Qarabağ”la sona qədər rəqabət aparacaq. Bu il də çempion olmasalar, bu, “Neftçi” üçün fiasko sayılacaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp