Azərbaycan Voleybol Federasiyası bölgələrdə voleybolun inkişafı və populyarlığının artırılması istiqamətində tədbirləri davam etdirir.
Futbolinfo.az xəbər verir ki, bu tədbirlər çərçivəsində ulduz voleybolçuların bölgələrə səfərləri təşkil olunub.
Bu gün start götürən səfər çərçivəsində veteran voleybolçularımız Alla Həsənova, Oksana Məmmədyarova, Yelena Parxomenko, həmçinin qadınlardan ibarət millimizin üzvü Polina Rəhimova, yeniyetmə və gənclərdən ibarət milli komandaların rəhbəri Şahin Çatma və federasiyasının digər əməkdaşları Şəki şəhərində olublar.
Ulduz voleybolçularımızın Şəki Olimpiya və İdman Kompleksində uşaq və yeniyetmə idmançılarla və onların məşqçiləri ilə görüşü təşkil olunub. Onlar yeniyetmə voleybolçulara bu idman növünün tarixi haqqında, eləcə də texniki, taktiki məlumat veriblər və ardınca uşaqların məşqinə baxış keçirilib. Sonda böyük diqqət və maraqla qarşılanan ulduz voleybolçularımız uşaqlarla xatirə şəkilləri çəkdiriblər, imzalanmış formalar və toplar hədiyyə olunub.
Qeyd edək ki, voleybolçularımızın növbəti belə görüşü 9-10 sentyabrda Tovuz və Gəncə şəhərlərində təşkil olunacaq.