ABŞ-də keçirilən “Böyük dəbilqə” seriyalı turnirdə qadınların ardından kişilərin final qarşılaşmasının iştirakçıları məlum olub.
Yarımfinal mərhələsində əvvəlcə korta Novak Cokoviçlə yerli idmançı Ben Şelton çıxıb. Təcrübəli serb 20 yaşlı rəqibinə aman verməyib. Görüş Novakın rahat qələbəsi ilə başa çatıb – 6:3, 6:2, 7:6. Cokoviç karyerasında 36-cı dəfə “Böyük dəbilqə” seriyalı turnirinin finalında oynamaq hüququ qazanıb.
Digər oyun daha gərgin alınıb. Dünyanın 1 və 3 nömrəli tennisçiləri arasında baş tutan görüş 3 saat 22 dəqiqə davam edib. İlk setdə rusiyalı Daniil Medvedev Karlos Alkarası tay-brekdə məğlubiyyətə uğradıb. İkinci setdə dünya reytinqinin liderinin hesabı bərabərləşdirəcəyi gözlənilsə də, Medvedev rahatlıqla fərqi artırıb (6:1). Bundan sonra təşəbbüs Karlitosun tərəfinə keçib. O, 3-cü setdə qalib gəlməklə fərqi azaldıb. Lakin 4-cü setdə Medvedev 6:3 hesablı qələbəylə matçı yekunlaşdırmağı bacarıb.
Beləliklə, rusiyalı raketka ustası karyerasında 6-cı dəfə dünya reytinqinin liderindən üstün olub və 5-ci dəfə “Böyük dəbilqə” seriyalı turnirin finalına yüksəlib.
Xatırladaq ki, Medvedev karyerasında qazandığı yeganə titulu da məhz finalda Cokoviçi məğlub etməklə əldə edib.