“Qarabağ” akademiyasında məşqçi kimi fəaliyyətə başlayan, Azərbaycan millisinin sabiq üzvü Rəşad Sadiqovun futbolinfo.az saytına müsahibəsi

– Söhbətə “Qarabağ”ın akademiyasında işləməyinizdən başlayaq. Adətən məşqçilər uşaq futbolunda işləməyə çox da həvəs göstərmirlər. Necə oldu ki, təklifi qəbul etdiniz?

– Açığı, bu dəqiqə köhnə futbolçulardan çoxu çalışır ki, akademiyalarda işləsin və təcrübəsini artırsın. Bu işə başlayan hər adam birdən-birə yüksək dəstədə məşqçi ola bilmir. Akademiyadan başlamaq lazımdır ki, təcrübə toplayasan, öyrənəsən. Buna görə də gələn təklifi müsbət cavablandırdım.

– “Qarabağ”ın əsas komandası son 15 ildəki nəticələri, uğurları ilə yaxşı mənada seçilib. Ancaq eyni sözləri klubun akademiyası haqda demək olmur. Bu illərdə “Qarabağ”ın akademiyasından əsas komandaya az sayda futbolçu gəlib. Aftandil Hacıyevin təyinatından, sizin oraya gəlişinizdən sonra akademiyada inkişafın olacağına inanırsınızmı?

– 2008-2009-cu illərdən “Qarabağ”ın irəliləyişi hiss olunmağa başladı. Komanda əvvəlcə bir neçə il avrokubokların pley-offuna yüksəldi, sonra Avropa Liqasının, daha sonra isə Çempionlar Liqasının qrupunda oynadı. Bunun fonunda akademiyanın bərbad olduğunu deməzdim. O dönəmləri görməmişəm və kiminsə akademiya haqda pis danışdığını da eşitməmişəm. Hazırda özüm akademiyada işləyirəm və görürəm ki, nəsə lazım olanda rəhbərlik həmin şəraiti yaradır. Bəlkə də mən indi akademiyanın daha yaxşı vaxtına düşmüşəm. İnsan gördüyünü deyər. Akademiyaya Aftandil müəllimi rəhbər qoyublar. Hazırda burada çalışan hər birimiz əlimizdən gələni edirik. İnşallah, gələcəkdə “Qarabağ”ın akademiyası daha yaxşı olacaq.

– Yığmamız bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belçikanı qəbul edəcək. Sürpriz nəticəyə ümid edirsinizmi?

– Belçika millisini hamımız yaxşı tanıyırıq, hansı heyətə sahib olduqlarını da bilirik. Bu oyunda yığmamızdan yaxşı nəticə gözləmək bir az absurd olar. Nəinki məndən, bütün futbol ictimaiyyətindən soruşsanız, hamı bugünkü qarşılaşmada sürpriz nəticə gözləmədiyini deyər. Çünki Belçika seçmə mərhələlərdə yer aldığı qrupun birincisi olmağa can atan komandadır. Onların Avropa və dünya çempionatlarında necə oynadığını yaxşı bilirik. Rəqib ortabab komanda olsaydı, nəyəsə ümid edə bilərdik. Düzdür, əvvəlki illərdə Azərbaycan yığması hər seçmə mərhələdə hansısa güclü yığmadan xal və ya xallar ala bilib. Arzulayardım ki, nə qədər çətin görünsə də, Belçika ilə matçda da belə hal yaşansın.

– Baş məşqçi Canni de Byazinin millimizdəki fəaliyyəti haqda nə deyə bilərsiniz? “Onunla yollar çoxdan ayrılmalıydı” fikri ilə razısızmı?

– Nəinki mən, bütün futbol ictimaiyyəti, Azərbaycan futbolunu bilən kəslər yəqin ki, Canni de Byazinin işindən narazıdır. Razı qalmağımız üçün nəticə olmalıdır. Əgər nəticə yoxdursa, deməli, onun fəaliyyətindən razı adam tapa bilməzsiniz. Son illərdə nəticələrimiz, həqiqətən də, zəifdir.

– De Byazi müsahibələrində Azərbaycanda futbolçu qıtlığının olmasından şikayətlənir. Halbuki hazırkı heyəti millinin son illərdəki ən yaxşı heyəti adlandıranlar da var. De Byazi dediyində haqlıdır, ya yox?

– Açığı, Canni de Byazi həqiqəti deyir. Azərbaycanda futbolçu qıtlığı hazırda pik həddə çatıb. Deyirlər ki, bir neçə futbolçumuz ölkə xaricində çıxış edir və bu, millinin ən yaxşı heyətidir. Mən belə düşünənlərlə razı deyiləm. Bəlkə də Azərbaycan yığmasının bütün tarixi ərzində ən zəif heyətlərindən biridir. Əvvəllər 3-5 ildən bir millimizdə sözünü deyən, xarakterli futbolçular olurdu, digərləri ona qulaq asırdı, dediklərini edirdi. Bu, çox önəmli məqamdır. İndiki heyətdən o xarakterdə kimi göstərə bilərsiniz? Hazırda elə futbolçumuz var ki, meydanda və meydandan kənarda komanda yoldaşları onun dediklərini etsinlər? Göründüyü kimi, hərə öz bildiyini, istədiyini edir.

– Millinin baş məşqçi postunda yerli mütəxəssis olmalıdır, ya başqa əcnəbi məşqçi gətirilməlidir?

– Əcnəbinin baş məşqçi olmasının millimizə heç bir faydası yoxdur. Başqa xarici mütəxəssis gətirsələr, bu, yalnız reklam xarakterli bir şey olacaq. Görürük ki, yığmamız qrupda xal almaqda zülm çəkir. Belə olan halda əcnəbiyə nə ehtiyac var? Millimizi gənc və ya təcrübəli yerli mütəxəssis çalışdırsa, nəticə bundan yaxşı olacaq ki, pis olmayacaq. Mən yığmanın baş məşqçi postuna yerli məşqçini daha uyğun görürəm. Amma buna biz yox, AFFA qərar verir.

FƏRİD

Shares: