Yenə eyforiya var. Canni de Byazi yaxşı oyundan dəm vurur, hətta AFFA prezidenti Rövnəq Abdullayevin buna görə futbolçuları təbrik etməsini nümunə göstərir. Hiyləgərcəsinə…

Abdullayevun hətta məğlub olan futbolçulara mükafat verdiyini görmüşük. Onun diaqnozuna inansaq, futbolumuzun xəstəliyi heç vaxt sağalmayacaq. Canni de Byazi də komandanın durumunu özünə sərf edən formada şərh edib zamanını keçirəcək.

Dünən milli komada yaxşı oynadı? Elə göründü! Ona görə yaxşı idi ki, rəqib özünə lazım olan hesabı təmin edib bizimkilərin topla oynamasına imkan yaratmışdı. Hətta zəifləmiş heyətlə yığmamızı rahatca yenən qonaqlara top fərqi lazım olsaydı, darmadağın qaçılmaz olardı.

De Byazi Rövnəq Abdullayevi aldada, ona xoş sözlər dedirdə bilər. Amma son sözü turnur cədvəli deyir, orada isə xal qrafasında 1 rəqəmi var. O da aşkar zəif olan Estoniya ilə ev matçında qazanılıb. Qatar çoxdan gedib, qalan matçlar sonuncu olmamaq üçün oynanılacaq, bunun öhdəsindən gəlmək də asan deyil.

De Byazi nə edirsə etsin limiti tükənib, seçmə mərhələ bitən kimi yola salınacaq. Bu nəticələrlə onu yalnız axmaqlar postunda saxlayar. Səhv edib ikinci dəfə şans verdilər, italiyalı yenə üzünə-gözünə bulaşdırdı. Final mərhələsinə vəsiqə qazanmağa onsuz da ümid yox idi, amma o, millimizin antirekordunu təkrarlamağa doğru gedir. Yalançı vədlərlə, uğursuzluğu malalamaqla ancaq ömrünü tsiklin sonuna kimi uzada bilər.

AFFA-da islahat düyməsi basılıb, bir-birinin ardınca dəyişiklikləri görürük. Pis-yaxşı addımlar atılır, ilin sonunadək növbə milli komandaya da çatacaq. De Byazinin qovulmasıyla iş bitməyəcək, lakin növbəti mütərəqqi addım atılsa, ən azı ümid olacaq.

Belçika ilə matçın gedişi aldadıcı idi. Rəqibin ssenarisi ilə keçən oyunda xal qazanmaq şansımız yox idi. Qazanılsaydı, yalnız təsadüf olardı.

Qarşıdan İordaniya ilə matç gəlir. İtaliyalı yenə əsas oyunçulara şans verib qələbəyə oynayacaq. Halbuki belə zəif rəqiblə matçda nəticəni düşünmək özünü düşünməkdir. Heyətə çağırılan digər futbolçulara şans vermək, ehtiyat qüvvənin bacarığına bələd olmaq lazımdır. Canniyə isə şəxsi statistikası maraqlıdır.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp