Transfer pəncərəsinin açıq olduğu dönəmdə təəssüf ki, azərbaycanlı futbol həvəskarları keçidlərlə bağlı yarana biləcək həyəcanı tam yaşamırlar. Bunun da səbəbi ölkə çempionatımızda çıxış edən klubların maliyyə gücü, agentlərin monopoliyası və yerli futbolçularımızın səviyyəsidir.

Avropanın bir sıra ölkələrində transfer pəncərəsi yeni seriyalarının çıxması gözlənilən seriallara bənzəyir. Sıravi azərbaycanlı azarkeş isə ingilisdən fərqli olaraq hər gün səs-küylü transfer xəbərindən təsirlənmir.

Balaca və kasad futbol ölkələri il ərzində bir-iki təsirli transferin mərkəzi olur. Ölkəmiz də bu qəbildən olduğuna görə diqqətçəkən keçidləri demək olar ki, görmək mümkün deyil.

Transfer pəncərələrinin də öz dəbi olur. Bu ilin əsas gündəmi Səudiyyə Ərəbistanı klublarının sağa-sola pul xərcləməsidir. Azərbaycan da belə dəblərdən yan keçmir. Bir neçə il əvvəl həmyerlilərimizin Türkiyənin 1-ci liqasına yollanmasının şahidi idik. Bu ilin əsas tendensiyası milli komandamızın oyunçularının müxtəlif xarici çempionatlara yollanmasıdır. Deyəsən , azərbaycanlı futbolçular arasında da inkişaf etmək istəyi artır. Bu, sevindirici haldır.

Belə bir tendensiyanın başqa səbəbi də ola bilər. Ölkə klublarımız yerli olduğuna görə futbolçulara layiq olduqlarından artıq müqavilə təklif etmirlər. Nəticədə isə futbolçu alternativ variantlar üzərində baş sındırır.

Bütün bunları yazmaqda məqsəd transfer pəncərəsinin son anlarında Şahruddin Məhəmmədəliyevin “Qarabağ”dan ayrılmasına münasibət bildirməkdir. Milli komandamızın qapıçısı son illərdə həm klubunda , həm də yığmada toxunulmaz idi. Bəlkə də bu toxunulmazlıq onun inkişaf etməsinin qarşısını aldı. Futbolçuya rəqabət mütləq lazımdır. Rəqabətsiz hətta ən böyük futbolçular belə inkişafdan qalırlar. Azərbaycan və xüsusilə də islam mentalitetini nəzərə alsaq , bizim futbolçuların rəqabətə daha çox möhtac olduğunu deyə bilərik.

Şahruddin, heç şübhəsiz, istedadlı qapıçıdır. Lakin son vaxtlar rəqabətin və ən əsası heyətdə yerini itirə bilmə qorxusunun olmaması onu bu hala gətirib çıxartdı. Bu hal isə elementar səhvlərin artması və komandaya ziyan verməsidir. Artıq Şahruddinin kobud səhvlərindən bir film düzəldə bilinəcək qədər epizodlar var. Bu isə qapıçı üçün yaxşı hal deyil.

“Qarabağ”, xüsusilə də baş məşqçi Qurban Qurbanov ictimaiyyətə açıqlamalarda qapıçını qorusa da, səbrin və dözümün də bir həddi olduğunu göstərdi. Son illərdə klubun Şahruddinlə itirdikləri qazandıqlarını ötüb. Bu da hər bir qəpiyi sayan və öz qazancı ilə (doğru da edən) yaşamaq siyasətini seçən klub üçün vacib məqamdır. Belə olan halda qeyri-rentabelli qapıçıdan qurtulmaq daha məqsədəuyğundur. Ağdam klubu da belə etdi.

Şahruddinin “Adana Dəmirspor”a keçidi həm qapıçı, həm də klub üçün göydəndüşmə oldu. Bir qədər əvvəl də vurğuladığımız kimi, Məhəmmədəliyev istedadlı qapıçıdır. Onun ən böyük bəlası rəqabətin olmaması və bir də psixologiyadır. Futbolda oyunçuları mövqeləri üzrə bölüşdürdükdə, psixoloji cəhətdən forvard və qapıçıların daha güclü olmağa məhkum olduqlarını görərik. Qapıçı müdafiəçi və yarımmüdafiəçi ilə müqayisədə mental cəhətdən daha güclü olmalıdır. Belə olmadıqda bütün karyera dağıla bilər. Tarixdə bir səhvdən özünə gələ bilməyib karyerası tənəzzülə gedən kifayət qədər qapıçı görmək mümkündür.

Şahruddinin də səhvlərinin çox olmasının səbəblərindən biri, bəlkə də etdiyi ilk səhvdən özünə gələ bilməməsi və ictimaiyyətin onu tənqid etməsidir. Burada günahı onu tənqid edənlərdə deyil , məhz elə Şahruddinin özündə görmək lazımdır. Güclü qapıçı olmaq istəyən psixolji cəhətdən hər bir şeyə hazırlıqlı olmalıdır. Sadaladığımız səhvlərlə yanaşı, Şahruddin Məhəmmədəliyevin üstün cəhətləri də çoxdur. Kifayət qədər səhv etməsinə baxmayaraq o, modern üslubda oynayan qapıçılardandır. Müasir dünyada ən dəyərli qapıçlar belə üslubda oynayırlar. Bu gün çərçivədə yaxşı durmaqdan əlavə güclü qapıçı ayaqla oynamağı bacarmalıdır.

sahruddin 1 - Futbolinfo.az

Məhz buna görə də belə keyfiyyəti olan qapıçılar daha böyük məbləğlərə transfer edilirlər. Son olaraq “Mançester Yunayted”in Andre Onananı almasını qeyd edə bilərk. Erik ten Haaq oyun üslubunu həyata keçirmək üçün ayaqla sıravi futbolçu kimi oynamağı bacaran qapıçıya ehtiyac duyurdu. Məhz buna görə “İnter” klubuna böyük məbləğ ödənildi.

Əslində, dünya futbolunda bu gün öndə gedən mütəxəssislər belə qapıçıları heyətə cəlb edirlər. Bu dəbi də müasir futbola Xosep Qvardiola gətirib. Katalon mütəxəssis üçün Ederson təkcə qapıçı yox, həm də oyun qurucusudur.

Şahruddində də belə cizgilər var. Ancaq təəssüf ki, səhvlər də kifayət qədərdir. Həm də Azərbaycan azarkeşinin heç də hamısı hələlik belə futbolu anlaya bilmir. Ümid edirik ki, millimizin qapıçısı Adanada yüksək səviyyəyə qalxa və səhvlərdən qurtula biləcək. Getdiyi komandada ciddi rəqabət var. Komandanın əsas qapıçısı Bosniya və Herseqovinadan olan Zoran Karaçiçdir. Fikrimizcə, Şahruddin onu əsas heyətdən sıxışdırmaq iqtidarındadır. Bunu etmək elə də çətin olmamalıdır. Ən çətini sonradan arxayınlaşmanın qurbanına çevrilməyib səviyyəni qoruyub saxlamaqdır.

Komandanın baş məşqçisi əfsanəvi Patrik Klyuvertdir. Doğrusunu desək, onun Adanada çox qalacağı inandırıcı görünmür. Səbəbi Patrikin iddiaları yox, əvvəlki baş məşqçi Vinçentso Montelladan zəif olmasındadır. Klub prezidenti Murat Sancak Adana bölgəsinin insanları kimi çox temperamentli və səbrdən uzaq adamdır. Buna görə də Şahruddin qarşıda hər şeyə hazır olmalıdır.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

fggfh 1 1 1 1 1 1 768x615 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 2 1 1 - Futbolinfo.az
Shares: