Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İtaliya mətbuatına açıqlamasında “Roma”nın hücumçusu Romelu Lukakunun Belçika yığmasının heyətində AVRO-2024-ün seçmə mərhələsində onlara qarşı keçirdiyi oyunu dəyərləndirib.
Futbolinfo.az saytı xəbər verir ki, italiyalı mütəxəssis ulduz futbolçu barədə xoş fikirlər səsləndirib.
Onun fikrincə, Lukaku formaya düşdükdən sonra daha təhlükəli olacaq: “Lukakunun durumunu yaxşı gördüm. Hələ ən yaxşı formada deyil, amma getdikcə böyüyür. Bizimlə görüşdə bütün xüsusiyyətlərini göstərdi: qapı qarşısında daim görünmək və bu şəkildə oynamaq çox yaxşıdır. Lukakuya dəstək olarsa, zərbə mövqeyinə düzgün çıxarılarsa, onu dayandırmaq çox çətin olar. Onu reaktiv gördüm, meydanda olan kifayət qədər vaxt ərzində yaxşı oyun sərgilədi və bizi daim narahat etdi. İndi müntəzəm oynamalıdır. Fiziki gücü var, forma yığdıqdan sonra yırtıcı olacaq. “Roma” üçün əla transferdir, onlara belə hücumçu lazım idi. O, Dibala ilə əla tandem təşkil edə bilər”.
Qeyd edək ki, “Dalğa Arena”da keçirilən Azərbaycan – Belçika görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.