“Hər iki komanda üçün yaxşı oyun olacaq. Çünki bu komandaların səviyyəsi bir-birinə bərabərdir”. Bunu futbolinfo.az-a “Qəbələ”nin iordaniyalı oyunçusu Omar Hani deyib.

Yarımmüdafiəçi sabah Azərbaycan və İordaniya milli komandaları arasında baş tutacaq yoldaşlıq görüşündən danışıb: “İordaniyanın yeni baş məşqçisi var. O da öz komandasını qurmağa başlayıb. Demək olar ki, bütün futbolçuları görmək, güclərinə bələd olmaq niyyətindədir. Bu baxımdan İordaniya üçün yaxşı oyun olacaq”.

Hani ölkəsinin yığmasında ən təhlükəli futbolçuların adlarını da çəkib: “Komandamızın heyətində bir çox təhlükəli oyunçular var. Musa Al-Taamari, Yazan Naimat, Anas Avdat, İbrahim Saadeh kimi güclü futbolçular var. Azərbaycan tərəfi də yəqin ki, onları analiz edəcək”.

Təcrübəli oyunçu milliyə dəvət almamasına da belə münasibət bildirib: “Dizimdə yüngül zədə var. Komanda mənimlə əlaqə saxladı. Növbəti dəfə baş məşqçi yenidən yığmaya dəvət edəcək. Sizə dediyim kimi o, yeni məşqçidir və indi biz bir-birimizi tanıma dövründəyik”.

“Qəbələ”nin üzvü şansları 50-50-yə dəyərləndirib: “Şanslar bərabərdir və heç bir komandanı üstün saymaq olmaz”.

Shares: