“Qəbələ”nin bu mövsümkü oyunlarını izləmişəm. Vəziyyətləri heç də yaxşı deyil”. Bunu futbolinfo.az saytına açıqlamasında bölgə klubunun sabiq futbolçusu Felipe Santos deyib.

Braziliyalı oyunçu “Qəbələ”nin bu mövsüm uğursuz çıxışından söz açıb: “Ümid edirəm ki, onlar situasiyanı dəyişə bilərlər. Fikrimcə, orada olanlar vəziyyəti necə idarə edəcəklərini bilmirdilər. Son Azərbaycan kubokunu qazanan komandanın heyətini qoruya bilmədilər. Əgər qorusaydılar, bəlkə də bu gün komanda lider idi”.

Santos ötən mövsüm başa çatdıqdan sonra onunla klubdan heç kimin əlaqə saxlamadığını deyib: “Mövsümün sonunda qəribə şeylər baş verdi. Mən müqavilə gözlədiyim halda heç kəs əlaqə saxlamadı. Yəqin ki, pis mövsüm keçirmişdim. Yoxsa niyə kimsə demədi ki, klubda qal. Bir zəng olsun belə etmədilər”.

“Klub futbolçuları saxlamamaqda maliyyə problemini əsas gətirirdi, bu, həqiqətən belə idi” sualına “sambaçı” bu cür cavab verib: “Bu, normaldır, bütün çətinliklərə baxmayaraq, kubok qazandıq və komandanı Avropaya daşıdıq. Sadəcə, klub rəhbərliyi avrokuboklara vəsiqə qazanıb, mövsümü titulla başa vuran komandadan heç kəsi heyətdə saxlamaq istəmədi, bunun üçün səy belə göstərmədilər. Təbii ki, titullar qazandıqdan sonra tələblər çoxalacaq. Mən də Azərbaycanda heç bir klubdan təklif almadım. Nəticədə oradan ayrıldım”.

Xatırladaq ki, 26 yaşlı hücumçu 2021-ci ildən Azərbaycanda oynayırdı. “Şamaxı” və “Qəbələ”nin hərəsində keçirdiyi bir ildən sonra braziliyalı bu yay İsrail “Hapoel”inə (Hayfa) transfer olundu.

Shares: