“Mercedes”in rəhbəri Toto Volff komandanın ehtiyat pilotu Mik Şumaxerin perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

“Düşünürəm ki, Mik peletonda yer almağa layiqdir. Maşınınızdan əmin olmadığınızı nə qədər çox hiss edirsinizsə, bir o qədər sizə təzyiq göstərilir, bu da nəticənizə təsir edir. “Haas”da Şumaxer məhz bunları yaşadı.

Mik sürətlidir. Formula 3 və Formula 2-də çempion olmaq üçün yüksək potensiala ehtiyac duyulur. Şadam ki, bizim belə əla üçüncü sürücümüz var və əminəm ki, əsas sürücülərdən birinin əvəz edilməsinə ehtiyac yarandıqda o bu vəzifənin öhdəsindən gələcək. Onun simulyatordakı işi bəzən bizə irəliyə doğru böyük sıçrayışlar etməyə kömək edir”, – deyə Volff Formula 1-in rəsmi saytına müsahibəsində qeyd edib.

Mik Şumaxer 2021-ci ildən 2022-ci ilə qədər “Haas” komandasının heyətində mübarizə aparıb.  24 yaşlı almaniyalının ən yaxşı nəticəsi 2022-ci il Avstriya qran-prisində altıncı yer olub.

2023-cü il mövsümündən etibarən Şumaxer “Mercedes”in ehtiyat sürücüsüdür.

Shares: