Azərbaycan yığmasının sabiq futbolçusu Elvin Məmmədovun futbolinfo.az saytına müsahibəsi

– Milli komandamızın Avropa çempionatının seçmə mərhələsində Belçikaya qarşı sərgilədiyi oyun (0:1) sizi qane etdi?

– Bəli, qane etdi. Ən azından, bu oyunda uşaqların hamısı əzmkarlıq göstərdilər. Güclü rəqibə qarşı çox yaxşı, layiqincə mübarizə apardılar. Məncə, hesab oyuna görə olmadı. Millimiz meydandan ən azı bir xalla ayrıla bilərdi. İndi yığmamızı İordaniya ilə yoldaşlıq matçı gözləyir. Düzdür, belə oyunlarda nəticə önəmli deyil. Buna baxmayaraq, qələbə qazanmağımızı istəyirəm. Çünki qalibiyyət olanda futbolçularda özünəinam hissi artır. Bir də yığmada oyununu görmədiyimiz futbolçulara şans verilməlidir. Bütün məşqçilər yoxlama görüşlərində belə edirlər, yəqin ki, Canni de Byazi də bu addımı atacaq.

– Yığmamızın Avropa çempionatının seçmə mərhələsindəki ümumi çıxışı haqda da fikirləriniz maraqlıdır…

– Ümumilikdə oyunlara baxanda, əlbəttə ki, yaxşı nəticə deyil. Düzdür, burada rəqib amili də var. Azarkeşlərin ən çox istədiyi odur ki, yığmamız rəqiblərindən qorxmasın və baxımlı oyun göstərsin. Sözsüz, nəticələr ürəkaçan deyil. Elə matçlar olub ki, həqiqətən bərbad oynamışıq. Amma istənilən halda milli komandaya dəstək olmalıyıq. Yığmanı kimin çalışdırmasından, komandada kimlərin oynamasından asılı olmayaraq, onlara dəstək vermək lazımdır.

– Söhbət baş məşqçidən düşmüşkən, Canni de Byazinin istefaya göndəriləcəyi gözlənilir. Onun millimizdəki 3 illik fəaliyyətini necə dəyərləndirirsiniz?

– De Byazi gələndən danışılır ki, gedəcək. Ardıcıl 5 oyunda komanda yaxşı nəticə qazandı deyə, ona yenidən şans verildi. Qərar verənlər var, bizim deməyimizlə nəsə dəyişəsi deyil. Onsuz da 2 ildir danışılır ki, de Byazi bizə lazım deyil. Mən də bu fikri dəstəkləyirəm. Çünki gələndə daha nikbin açıqlamalar verirdi. Amma bu gün o da əlinə ağ bayraq alıb ki, futbolçum yoxdur.

– Yığmanın baş məşqçisi postunda kimi görmək istərdiniz?

– Məncə, yerli mütəxəssislərə güvənsək, daha yaxşı olar. Amma araşdırıb xasiyyət, xarakter baxımından ən yaxşısını tapmaq lazımdır. Əgər de Byazinin yerinə yenə əcnəbi gətiriləcəksə, onda cavan, uğur üçün alışıb-yanan, hədəfləri olan mütəxəssislə müqavilə bağlanmalıdır. Şəxsi seçimim yerli məşqçi olardı.

– Keçək ölkə çempionatına. Misli Premyer Liqasında 5 tur geridə qalıb və bu müddətdə iddialı komandaların hər biri xallar itirib…

– Mənə görə, bu mövsüm çempionatlarımızın tarixində ən yaxşı mövsümlərdəndir. Bütün komandalar bir-birlərindən xal alırlar, liderlər xal itirirlər, çox yaxşı mübarizə gedir, hər kəs bir-birini güclü analiz edir. Bu mövsümün sonadək maraqlı keçəcəyinə ümid edirəm. “Turan Tovuz”un “Sabah”a böyük hesabla qalib gəlməsi, “Səbail”in son 2 turda qələbə qazanması, “Zirə”nin uğurlu startı, “Sumqayıt”ın yaxşı mübarizə aparması… Bütün bunlar çempionata rəng qatır.

– Çempionluğa əsas namizədlər kimi “Qarabağ”, “Neftçi” və “Sabah”ın adı çəkilir və uğurlu startdan sonra bu siyahıya “Zirə”ni də qatanlar var. Sizə görə, kimin çempion olmaq şansı daha çoxdur?

– Məncə, çempion dəyişməyəcək. Düzdür, “Qarabağ”ın avrokuboklara görə başı bir az qarışıqdır. Amma bundan sonra qələbələrini sıralayacaqlar. “Sabah”da eniş hiss olunur. Buna görə ikinci yerə ən real namizəd kimi “Zirə”ni görürəm. “Zirə”nin birinci yer üçün də iddiası var. Çünki mövsümə yaxşı başlayıblar və əvvəlki illərlə müqayisədə daha dinamik oyun sərgiləyirlər. 3-4-cü yerlər uğrunda isə mübarizənin “Neftçi”, “Sabah”, “TuranTovuz” və “Səbail” arasında gedəcəyini düşünürəm.

– Butslarını mismardan asmış bir neçə futbolçu II Liqa yaradıldıqdan sonra karyerasını bərpa etdi. Rahid Əmirquliyevdən sonra Elvin Məmmədovun da yeni yaradılan liqada oynaması mümkündürmü?

– Mənim elə bir niyyətim yoxdur. Karyeralarını bərpa edənlərin qərarına hörmətlə yanaşıram. Rahid qusarlı olduğu üçün karyerasını doğma klubunda bitirmək istədi və bu, normal haldır. Amma mənim üçün bu qədər bəsdir. Açığı, təkliflər var idi, ancaq yaş o deyil. Planlarımda minifutbol çempionatında oynamaq var. İnşallah, belə bir addım atacağam.

FƏRİD

Shares: