“Bakı” klubunun sabiq futbolçusu Serxio Kontreras Pardo yenidən məhkəmə qarşısına çıxıb.

Futbolinfo.az xəbər verir ki, Avropada narkotik maddələrin alınması və yayılması ilə məşğul olan dəstə yaratmaqda ittiham edilən 40 yaşlı keçmiş hücumçu ölümlə qarşı-qarşıya olduğunu etiraf edib.

6 illik həbs cəzasını çəkən Koke ləqəbli sabiq oyunçu peşman olduğunu bildirib: “Futbolçu kimi ildə təxminən 800 min funt-sterlinq qazanırdım. Futbol oynayaraq bir ildə qazandığımı “başqa işdə” iki ayda əldə edirdim. Ancaq həyatınızı riskə atırsınız. Fransada narkotik alveri dünyasında çox tez öldürülə bilərsiniz. İspaniyada da hər an öldürülə bilərəm. Baxmayaraq ki, qorxmuram. Hər yerdə əlaqələrim var, amma Pablo Eskobar deyiləm. Bu, seçdiyim yol deyil, həyatımda tapdığım bir şey idi. Hazırda həyat mənim üçün mürəkkəbdir. Həbsxanaya qayıtmağı gözləyirəm. Etdiyim axmaq işlərin əvəzini ödəməliyəm və bütün bunları mümkün qədər tez bitirməliyəm. Nə qədər müddətə həbsxanada olacağımı bilmirəm, amma 2027-ci ilə qədər cəzam var. Həbsxanada Marseldən olanlar da daxil olmaqla, çoxlu fransız var idi”.

Qeyd edək ki, 2012-ci ildə “Bakı”da çıxış etmiş Koke 4 il sonra karyerasını başa vurub. O, Fransada Marsel “Olimpik”i, İspaniyada “Malaqa” kimi klubların formasını geyinib.

Shares: