Almaniya milli komandasının Diter-Hans Flikin qovulmasıyla boş qalan baş məşqçi postuna namizədlərin siyahısı daraldı. İndi bu posta təyinat almağa yalnız iki mütəxəssisin şansı var.

Futbolinfo.az xəbər verir ki, Almaniya Futbol Federasiyası bundestimin baş məşqçi postu ilə bağlı Yulian Naqelsmann və Matias Zammerlə danışıqlar aparır. Yazda “Bayern”lə vidalaşan Naqelsmann təynata daha yaxın görünür, lakin Zammerin də şansı az deyil. O, Dortmund “Borussiya”sında 4, “Ştutqart”da 1 il işlədikdən sonra – 2005-ci ildən baş məşqçi kimi çalışmır. Lakin son 18 ildə “Borussiya”da, “Bayern”də və Almaniya millisində müxtəlif vəzifələri tutub.

Xatırladaq ki, Zinəddin Zidanın namizədliyi ilə bağlı xəbərlər yalan çıxdıqdan az sonra Tomas Tuhelin də “Bayern”dən ayrılmayacağı bəlli oldu. Belədə Naqelsmanna əsas rəqib kimi Yürgen Kloppun adı çəkilirdi. Lakin təcrübəli mütəxəssis “Liverpul”da qalmağ üstün tutdu. O, 2026-cı ilin yayında bitəcək müqaviləsinin sonunadək İngiltərədə qalacaq.

Shares: