DÇ-2026-nın Cənubi Amerika üzrə keçirilən seçmə mərhələsi çərçivəsində Argentina millisi bu gecə Boliviyanın qonağı olacaq. Lakin matç ərəfəsində mundialın son qalibləri çətin vəziyyətə düşüb.
Futbolinfo.az xəbər verir ki, bunun səbəbi matçın dəniz səviyyəsindən 3637 metr yüksəkdə yerləşən “Estadio Hernando Siles”də keçirilməsidir. Qarşılaşma üçün La-Pas şəhərinə gələn “albiseleste”nin üzvləri əlində oksigen balonları ilə gəzməli olur.
Bunun səbəbi yüksəklik artdıqca atmosfer təzyiqinin aşağı düşməsi və oksigenin azalmasıdır. Belə vəziyyət bu duruma öyrəşmiş boliviyalılardan fərqli olaraq rəqiblərə çətinlik yaradır. Futbolçularda nəfəs çatışmazlığı, ürəkbulanma halları yaşanır.
FIFA 2007-ci ildə bu problemi aradan qaldırmaq üçün dəniz səviyyəsindən 2500 m yüksəklikdə yerləşən stadionlarda dünya çempionatının seçmə mərhələ matçlarının keçirilməsini qadağan etmişdi. Bu qərara etiraz olaraq aralarında dönəmin Boliviya prezidenti Evo Morales, futbol əfsanəsi Dieqo Maradonanın da yer aldığı kampaniya başladıldı. İddiaya görə bu Cənubi Amerikanın yüksəklikdə yerləşən dövlətləri üçün ayrıseçkilik idi. FIFA bir ay sonra rəqəmi 2500-dən 3000-ə yüksəltdi. Ayrıca olaraq “Estadio Hernando Siles”ə xüsusi status verərək bu stadionda matçların oynanılmasına icazə verdi. Bir il sonra isə bütün qadağalar aradan qaldırıldı.
Heç də təsadüf deyil ki, Boliviya yığması 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə keçirilmiş DÇ-lərin təsnifat mərhələsində 18 ev qələbəsi qazanıb, doğma arenada 11 heç-heçəyə nail olub. Ən maraqlısı da odur ki, boliviyalılar bu tsikllərdə səfər matçlarının hamısını qələbəsiz başa vurub.
Boliviya millisi ən məşhur qələbəsini də 2009-cu ildə Dieqo Maradonanın çalışdırdığı Argentina seçməsi üzərində qazanıb. DÇ-2010-un seçmə mərhələsinə təsadüf edən oyunda “yaşıllar” heyətində Messi, Di Maria, Teves, Zanetti, Maskerano kimi ulduzların yer aldığı “gümüşlər ölkəsi” təmsilçisini 6:1 hesabı ilə darmadağın edib.
DÇ-2018-in tsiklində Braziliya millisinin Boliviyadakı matçdan sonra qrup şəklində oksigen balonları ilə nəfəs alması gündəm olmuşdu. Həmin oyundan sonra “sambaçılar”ın hücumçusu Neymar burada futbol oynamağı “qeyri-insani akt” adlandırmışdı.