“Karvan”ın baş məşqçisi Kənan Kərimov komandasını yeni mövsümə hazır sayır. Sabah I Liqanın start matçında “Mingəçevir”i qəbul edəcək yevlaxlıların çalışdırıcısı qələbə arzulayır.
Futbolinfo.az saytına danışan mütəxəssis yüksək yerlər uğrunda mübarizə aparacaqlarını və ilk oyunun böyük önəm daşıdığını deyir: “Bilirsiniz ki, Region Liqası həvəskar statuslu liqadır. Bu mənada I Liqada çıxış edəcəyimiz təsdiqini tapandan sonra heyətdə dəyişikliklər etməyə məcbur olduq. Demək olar ki, gətirmək istədiyim futbolçuların 60-70 faizini komandaya cəlb edə bildik. Böyük futbol Yevlaxa qayıdır. Bir-birinə yaxın rayonların komandalarının görüşü həmişə gərgin mübarizə şəraitində keçir, hər iki tərəf meydandan xalla ayrılmağa çalışır. Sevindirici haldır ki, çempionatda ilk matçımızı evdə keçirəcəyik. Yaxşı oyun göstərməyə və bizi qane edəcək nəticəni qazanmağa çalışacağıq. Futbolçulardan istəyim yaxşı oyun və nəticədir”.
Kərimov I Liqada yeganə problemin oyunların həftəiçi keçirilməsi olduğunu deyir: “Çox böyük maraq olacaq. Hətta deyərdim ki, I Liqadakı azarkeş marağı II Liqanı da üstələyəcək. Yeganə problem oyunların həftəiçi keçirilməsi ola bilər. Yəqin ki, işdə olan insanlar gəlib bizi dəstəkləyə bilməyəcəklər. Ümumilikdə yerli camaat komanda ilə çox maraqlanır, bizi həmişə diqqətdə saxlayır. Azarkeşlər gəlib məşqlərimizə baxırlar, oyunlarımız haqda suallar verirlər. Çox istərdim ki, onlar bütün görüşlərdə stadionu doldursunlar. Azarkeşlərimizin dəstəyini gözləyirik”.