“Sabah” klubunun serbiyalı sol cinah müdafiəçisi Boyan Letiçin futbolinfo.az saytına müsahibəsi

– Konfrans Liqasındakı debüt ilinizdə ilk mərhələni adlasanız da, “Partizan” səddinə “ilişdiniz”. Bakıdakı 2:0 hesablı üstünlüyü səfərdə qorumağınıza nə mane oldu?

– Fikrimcə, Bakıdakı ilk oyunda hər şeyi həll edə bilərdik. Çünki matçı yüksək səviyyədə keçirmişdik. Məncə, həmin qarşılaşmada hesab 3:0 və ya 4:0 olmalı idi. İlk görüşdə əldə etdiyimiz qol fürsətlərini dəyərləndirə bilsəydik, hər şey başqa cür nəticələnərdi. Lakin bu oyun artıq geridə qalıb. İndi yalnız qarşıdakı matçlara diqqətimizi yönəltməliyik.

– Premyer Liqanın cari mövsümünə “Qəbələ” üzərində böyükhesablı qələbə ilə başlasanız da, sonradan uğursuz nəticələrlə yadda qaldınız. Bu, nə ilə bağlıdır?

– “Partizan”la səfər oyunundakı məğlubiyyət komandaya bir qədər təsir etdi. Fikrimcə, növbəti matçlarda hər şey qaydasına düşəcək. Qələbə seriyamıza qayıtmaq üçün bir qalibiyyət kifayətdir.

– Belə bir məqamda millinin oyunları ilə əlaqədar fasilənin yaranması yəqin ki, sizin xeyrinizə oldu. Fasilədən lazımınca yararlana bildiniz?

– Həqiqətən də, yığmanın oyunlarına görə fasilənin yaranması yerinə düşdü. Bu fasilə bizə özümüzə gəlmək və növbəti oyunlara daha yaxşı hazırlaşmaq üçün imkan verdi. İnanıram ki, qarşıdakı matçlarda yaxşı nəticələr qazanacağıq.

– Fasilədən sonrakı ilk oyun son çempion “Qarabağ”a qarşı olacaq. Bu görüşdə hansı nəticəyə ümid edirsiniz?

– “Qarabağ”la oyunlarımız həmişə maraqlı alınır. Ümid edirəm, bu dəfə də azarkeşlər baxımlı, maraqlı görüşün şahidi olacaqlar. Biz hər matça qələbə üçün çıxırıq. Bu oyunda da 3 xal üçün mübarizə aparacağıq. Bazar günü meydandan yaxşı nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik.

– “Sabah”ın son transferləri haqda hansı fikirdəsiniz?

– Onlarla artıq bir neçə məşqdə iştirak etmişik. Hər biri tanınmış, yaxşı karyeraya malik futbolçudur. Məqsədlərimizə çatmaqda bizə kömək edəcəklər.

– Bu mövsüm “Sabah” çempionluğa real namizədlərdən sayılır. Necə düşünürsünüz, “Qarabağ”ın titulunu əlindən ala biləcəksiniz?

– Bu mövsüm çox maraqlı keçəcək. Bunu elə ilk turlardan görmək mümkündür. Hər bir komanda qələbə qazanmağa qadirdir. Mövsümə istədiyimiz kimi başlaya bilmədik. Lakin əlimizdən gələni edəcəyik ki, sonadək çempionluq mübarizəsi aparaq, ən azı ötən mövsümdəki nəticəmizi təkrarlayaq.

– Öz mövqeyinizə görə Azərbaycana gəlmiş ən yaxşı futbolçulardan biri sayılırsınız. Maraqlıdır, sizinlə eyni mövqedə oynayan və hazırda Azərbaycan çempionatında çıxış edən hansı futbolçunu bəyənirsiniz?

– Xoş sözlərinizə görə təşəkkür edirəm. Azərbaycan çempionatında mənim mövqeyimdə oynayan kifayət qədər yaxşı futbolçu var. Lakin ad çəkmək istəmirəm.

– Azərbaycan çempionatında hansı futbolçuya qarşı oynamaq sizə çətin və zövqlü gəlir?

– Mən yalnız öz oyunuma köklənirəm, başqa oyunçular barədə düşünmürəm. Bundan sonrası çox asan olur.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp