“Araz-Naxçıvan” son transferini reallaşdırmağa hazırlaşır. Muxtar respublika təmsilçisi yeni legionerin keçidini həll etmək üzrədir.

Futbolinfo.az xəbər verir ki, danışıqlar son anda pozulmasa, Aksel Nqando Azərbaycana gələcək. 30 yaşlı Kamerun əsilli fransalı yarımmüdafiəçi naxçıvanlıların yaxşı maaş təklifinə “yox” deməyib.

Fransanın müxtəlif yaş qrupundan olan millilərində çıxış etmiş Aksel pleymeyker mövqeyində oynayır. “Araz-Naxçıvan”ın güclənməyə ən çox ehtiyac duyduğu mövqeyə transfer baş tutsa, komandanın heyəti komplektləşmiş olacaq.

“Renn”də yetişən, bu klubun əsas komandası ilə yanaşı ölkəsində “Oser”, “Anje”, “Bastiya” və Türkiyənin “Göztəpə” klublarında oynamış Nqando 2021-ci ildən bəri ciddi oyun təcrübəsinə malik deyil. Əsasən Liqa 2-də çıxış edən Aksel Liqa 1-də cəmi 46 matça çıxıb. 2021-in yayından klubsuz olan yarımmüdafiəçi ötən ilin yanvarında “Qrenobl”a keçib. Lakin ötən ilyarım ərzində burada da möhkəmlənə bilməyib.

Hazırda azad agent olan futbolçudan imtina onun durumu ilə bağlı şübhələrə yol açır. Yalnız 6 il öncə “Bastiya”dan “Göztəpə”yə 200 min avroya transfer olunan oyunçu həmişə ya icarəyə verilib, ya da onunla bitən müqavilələr yenilənmədiyindən azad agent statusuna malik olub. Belədə “Araz-Naxçıvan”ın ona maraq göstərməsi düşündürücüdür.

Shares: