Tezliklə “Neftçi”də daha bir təyinat rəsmiləşəcək. Klub rəhbərliyi idman direktoru postunu əcnəbiyə tapşıracaq.
Futbolinfo.az xəbər verir ki, əslində, belə bir addımın atılacağı ilə bağlı söhbətlər çoxdan var. Amma rəhbərlik məhz indi qəti addım atmağ lazım bilib. Adı gizli saxlanılan mütəxəssis yaxın günlərdə Bakıya gələcək və cavabını gözləyən digər suallara da cavab tapılacaq.
Əcnəbi idman direktorunun gəlişindən sonra “Neftçi”də bir sıra stuktur dəyişiklikləri olacaq, planlaşdırılan addımlar atılacaq. Fərrux Mahmudovun təyinatıyla başlayan proses yekunlaşmalıdır.
Kamran Quliyevin klubdan ayrılması ilə “Neftçi” də prezident vəzifəsi ləğv edilib. Mahmudov hazırda baş icraçı direktor kimi onun səlahiyyətlərinə sahiblənib. Daha üst qurum sayılan Müşahidə Şurasının tərkibi isə daha öncədən müəyyənləşib.
“Neftçi”də digər təyinatlar da maraqlıdır. Xeyli müddətdir klubda çalışan menecer Kamil Məmmədov rəsmi fəaliyyətə başlayacaq – o, klubun Müşahidə Şurasının müşaviri (!) olacaq. Emin Əfəndinin mətbuat xidmətinə rəhbər təyin edilməsi ilə Rüstəm Allahverdiyev bu postdan ayrılacaq və departament rəhbəri olacaq. Zaur Əzizov da klubda fəaliyyətini davam etdirəcək, lakin onun konkret hansı postu tutacağı dəqiqləşməyib.
Ümumiyyətlə, yeni struktur qurulandan sonra yeni departamentlərin, postların yaradılması, bəzilərinin ləğvi mümkündür. Amma bunun üçün idman nəticələrinə birbaşa cavabdeh olacaq əcnəbi idman direktorunun gəlişi şərtdir.