“ The Athletic” nəşri yayda baş tutan transferləri dəyərləndirmək üçün agentlər arasında sorğu keçirib. Onlar ən pis transferi müəyyənləşdirməyə çalışıblar.
Futbolinfo.az xəbər verir ki, Kay Havertsin “Çelsi”dən “Arsenal”a transferi yayın ən pis keçidi sayılıb. Almaniya millisinin yarımmüdafiəçisinin “Çelsi”dən “Arsenal”a 60+5 milyon funt sterlinqə keçidi 6 səslə birinci yeri tutub.
Qeyd edək ki, 24 yaşlı almaniyalı yeni klubunda 5 matçda bir dəfə də olsun fərqlənə bilməyib.
İkinci yerdə ekvadorlu yarımmüdafiəçi Moyzes Kaysedonun “Brayton”dan “Çelsi”yə transferi qərarlaşıb. Bu keçid qiymətinə görə Premyer Liqanın rekordunu yeniləyib. Sözügedən sövdələşməyə 5 nəfər səs verib.
3-cü yeri 55+5 milyon funt sterlinqə Meyson Mauntun “Çelsi”dən “Mançester Yunayted”ə transferi tutub. Bu keçidin uğursuzluğuna 3 nəfər səs verib.
Daha 5 sövdələşmə agentlər tərəfindən bir səs alıb. Bunlar Rasmus Heylundun “Atalanta”dan “Mançester Yunayted”ə, Koul Palmerin “Mançester Siti”dən “Çelsi”yə, Kalidu Kulibalinin “Çelsi”dən “Əl-Hilal”a, Vataru Endonun “Ştutqart”dan “Liverpul”a və Divok Originin “Milan”dan “Nottingem Forest”ə transferidir.