Bu yay “Union Berlin”ə keçən Leonardo Bonuççu “Yuventus”dan narazıdır. İtaliya millisinin müdafiəçisi az qala bütün karyerasını həsr etdiyi Turin klubunun ona qarşı davranışını bəyənməyib. Bu səbəbdən o, klubu məhkəməyə vermək, kəsiləcək cəriməni xeyriyyə məqsədi ilə xərcləmək niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, futbolçu turinli azarkeşlərin qəzəbinə səbəb olan qərarının səbəbini izah etməyə çalışıb: “Baş məşqçi Massimiliano Alleqri indi mətbuata xeyli yalan danışır. “Yuventus”un mənimlə müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı mənə bir neçə ay öncə niyyətlərini açıqlamaları ilə bağlı dedikləri doğru deyil. Hətta mayda gənc oyunçulara yardım etmək üçün klubda 5-ci, 6-cı stopper kimi qalmağa razı olduğumu bildirmişdim. Onlar isə mənimlə müqaviləni, eyni zamanda hüquqlarımı pozdular”.
Bonuççi davam edir: “Yuventus” rəhbərliyi mənə yalnız iyulun 13-də gələcək planlarında yerimin olmadığını dedi. Qəzetlərdə çıxan çoxsaylı xəbərlərdən sonra turinlilər layihələrindən ayrılacağımı bildirdilər. Bu, mənə təhqir idi. Klubda oynadığım 500-dən çox matçdan sonra mənə belə münasibət göstərilməməliydi”.