Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadovun futbolinfo.az saytına müsahibəsi
– Son günlər ən çox müzakirə olunan məsələlərdən biri Emin Mahmudovun İordaniya ilə yoldaşlıq görüşündə fərqlənərək, millidəki qol sayını 11-ə çatdırmasıdır. Kapitanın Qurban Qurbanova məxsus 14 qolluq rekordunu qırmaq perspektivini necə görürsünüz?
– Üç oyuna üç qol vurmaq da mümkündür. Kiminsə bu məqsədi güddüyünə inanmıram. 31 yaşı olmasına baxmayaraq, Emin bundan sonra yığmada hələ çox oyun keçirəcək. Şans, istək öz yerindədir. Təki rekordu yeniləsin, milliyə xeyir versin. Çünki onun vurduğu hər qol milliyə köməkdir.
– Əvvəlki illərlə müqayisədə milli komandalar indi il ərzində daha çox oyun keçirirlər. Bunu Emin Mahmudov üçün üstünlük saymaq olar?
– Əlbəttə ki, böyük üstünlükdür. Oyunların sayının çox olması mütləq müsbət təsirini göstərəcək. Yoldaşlıq görüşləri də tez-tez keçirildiyindən, Eminin rekordu yeniləmək şansı yüksəkdir.
– Vaxtilə sizin bu rekordu qırmaq şansınız daha yüksək qiymətləndirilirdi. Amma aktivinizə 9 qol yazdırsanız da, millidə sonuncu oyununuzu 25 yaşınızda keçirdiniz. Sizə nə mane oldu?
– Sadəcə, mənə bu imkanı yaratmadılar. Karyeramın son illərində millidə oynamadım. Bəzi insanlar niyə çağırılmadığımı yaxşı bilirlər. Bu məsələyə qayıtmaq istəmirəm. Mən də 31-32 yaşıma kimi oynasaydım, 14 yox, ən azı 18-19 qol vurardım. Açığı, futbol oynadığım dövrdə rekord barədə düşünmürdüm. Karyeramı erkən yaşda bitirməli oldum. Mənə maneçilik törədənlər də biləcəklər ki, Azərbaycan futbolu yalnız onlardan ibarət deyil. Futbol azarkeş üçündür. Kimin rekord qırmasına çox önəm verməməliyik. Sadəcə, futbolumuza köklənməli, yeni simalar üzə çıxarmalıyıq ki, Azərbaycan millisi qrupda 1 yox, ən azı 10-12 xal toplaya bilsin. İndi yığmanın oyununda 4000-5000 nəfərlik stadion güc-bəla ilə dolur. Elə oynamaq lazımdır ki, komandanı dəstəkləmək üçün Tofiq Bəhramov adına Respublika stadionuna 30 min nəfər yığışsın. Heç bir futbolçu ilə prinsip aparmaq olmaz. Bizim elə çox futbolçumuz yoxdur ki, üzdə olanlardan hansısa biri ilə prinsip aparaq, onu incidək.
– Yığmanın Belçika (0:1) ilə AVRO-2024-ün seçmə mərhələ və İordaniya (2:1) ilə yoldaşlıq görüşündəki çıxışını necə qiymətləndirirsiniz?
– Aydın məsələdir ki, İordaniya ilə matç heç bir əhəmiyyət daşımırdı. İstənilən halda, qələbə hər zaman sevindiricidir. O ki qaldı Belçika ilə oyuna, bu, yığmanın indiyə qədər keçirdiyi ən yaxşı görüşlərdən biri idi. Bunu çox adam deyir. Amma bu, baş məşqçinin uğuru yox, futbolçuların xarakterinin nəticəsidir. Ortada baş məşqçi işi olsaydı, İordaniya ilə qarşılaşmada hansısa dəyişikliklər görərdik. Yığmamız öz oyununu yaxşılaşdırmalı, daha çox xal toplamalıdır. Oyunçularımız heç də zəif deyillər.
– Yəni, problem baş məşqçidədir?
– Yüz faiz. İstənilən baş məşqçini təyin etsələr belə, bundan pis olmayacaq. Canni de Byazi artıq üçüncü ildir ki, Azərbaycandadır. Bura gəldiyi ilk gündə demişəm ki, bizə xeyir verməyəcək. Yaxşı baş məşqçi ola bilər. Amma Azərbaycan millisində onun işi alınmır. Bunu qəbul etmək lazımdır. İordaniya ilə matçda niyə yeni oyunçulara şans verilməsin? Belçika ilə görüşdə iştirak edənlər İordaniya ilə oyunda iştirak etməməli idilər. Axı, digərlərinə də şans vermək, hansı durumda olduqlarını görmək lazımdır. Məqsəd milliyə hansısa gənci qazandırmaq yox, ictimai qınaqdan qurtulmaq üçün qələbə qazanmaq idi. Baş məşqçi sırf nəticəni düşündü.Seçmə mərhələ oyununda Yusif İmanov çərçivədə dayanmışdı. Deməli, biz onun gələcək perspektivinə güvənirik. Üstəlik, “Sabah”ın heyətində müntəzəm çıxış edir. Yoldaşlıq görüşündə onu qapıda görmürüksə, hansı inkişafdan danışa bilərik? Rəsmi oyunda Yusif qapıya keçdi, yoldaşlıq görüşündə yox. Analoqu olmayan qərarlardır. Debüt görüşündə səhvlər edə bilər. O demək deyil ki, bir daha onu oynatmamalısan. Görünən odur ki, baş məşqçinin fikri başqadır.
– Məsələn, nədir?
– Yəni yığmanın gələcəyi onun üçün maraqlı deyil. Sırf nəticəni düşünür.
ABBAS