“Zirə”in serbiyalı sabiq müdafiəçisi Nemanya Andelkoviçin futbolinfo.az saytına müsahibəsi

– Yay fasiləsində “Zirə”dən ayrılaraq, Rusiya klubu “Akron”a keçdiniz. Orada işləriniz necə gedir?

– Mövsümə möhtəşəm başlamışdıq. Ardıcıl 4 qələbə qazandıq. Ancaq sonradan bir qədər eniş yaşandı. Ümumi götürdükdə hər şey qaydasındadır. Mövsüm hələ yeni başlayıb, fikrimcə, ilk 9 turdakı nəticələrimiz normaldır.

– Birinci Liqa oyunlarında müntəzəm çıxış edirsiniz. Artıq yeni kollektivə uyğunlaşdığınızı demək olar?

– Elə çətin olmadı. Özümü burada rahat hiss edirəm. Məqsədim komandamla uğur qazanmaqdır.

– “Sumqayıt”ın sabiq müdafiəçisi Camaləddin Xocaniyazovla komanda yoldaşısınız. Tez uyğunlaşmağınızda onun rolu oldu?

– Əlbəttə, mənə çox köməyi dəydi. Camaləddinlə Azərbaycandakı günlərimizi yada salırıq, bir-birimizə qarşı keçirdiyimiz oyunlardan danışırıq. Premyer Liqa hər ikimiz üçün uğurlu alınmışdı.

– Azərbaycan Premyer Liqası ilə Rusiya Birinci Liqasını müqayisə edə bilərsiniz?

– İki ölkə futbolu arasında fərq böyükdür. Taktiki və hazırlıq planını nəzərdə tuturam. Hansı çempionatın daha güclü olduğunu deyə bilmərəm. Hər iki liqada keyfiyyət yüksək səviyyədədir. “Zirə” ilə “Akron” klublarında isə oxşarlıqlar çoxdur. Hər ikisi işinə peşəkar yanaşır, qarşısına hədəflər qoyur.

– “Zirə” 5 turdan sonra Azərbaycan Premyer Liqasına liderlik edir. Bunu gözlənilməz start saymaq olar?

– Məncə, gözlənilməz demək doğru olmaz. “Zirə”nin oyunlarını izləyirəm, uğurlu nəticələr əldə edir. Son oyunda “Qəbələ”yə uduzmaları məni məyus etdi. Bu komanda turnir cədvəlinin birinci pilləsində yer almağa layiqdir. Ancaq mövsümün startında zirvədə qərarlaşmaq hələ böyük uğur demək deyil. Orada qalmaq önəmlidir. “Zirə”nin çempionluq uğrunda mübarizə aparacaq potensialı var.

– Hələ ilin əvvəlində də “Zirə”dən ayrılmış, sonra geri qayıtmışdınız. Yenidən bu hadisə təkrarlana bilər?

– Hələ ovaxtdan Rusiyada oynamalı idim. “Kuban”la razılığa gəlmişdim. Lakin qeydiyyat məsələsində probem yarandığı üçün “Zirə”yə qayıtmaq istədim. Ancaq bu dəfə problem yaşamadım. Hələ 26 yaşım olduğunu nəzərə alsaq, gələcəkdə yenidən Azərbaycanda oynamaq variantını istisna edə bilmərəm. Ölkənizdə olmaq çox xoş idi. Ümid edirəm ki, nəvaxtsa yenidən Bakıya qayıdacağam.

– Deyəsən “Zirə”də keçirdiyiniz illər ürəyinizcə olub?

– Əlbəttə. Üç ilə yaxın orada oynadım. Özümü evimdəki kimi rahat hiss edirdim. İnsanların mənə münasibəti gözəl idi. Ora ilə bağlı məni üzən yeganə məqam ötən mövsümün sonunda Azərbaycan Kubokunu qazana bilməməyimiz oldu.

ABBAS

Shares: