Formula 1 üzrə “Maklaren” komandası Sinqapur qran-prisi üçün avtomobilə yeniliklər hazırlayıb. Bu yeniliklər yalnız Lando Norrisin bolidində hazırdır. Komanda yoldaşı Oskar Piastrinin bolidi üçün isə yeniliklər Yaponiyadakı növbəti mərhələdə hazır olacaq.

Britaniyalı sürücü yenilənmələrin inkişafı davam etdirəcəyindən ümidlidir: “Ümid edirik ki, Avstriya mərhələsindən başlayan tərəqqi bu yeniliklərin sayəsində davam edəcək. Yenilənmiş avtomobili hələlik trasda sınaqdan keçirməmişik, ona görə də böyük vədlər vermək istəmirəm. Lakin irəliyə doğru vacib addım atmağa imkan verəcəyindən ümidliyəm.

Komanda bunun üzərində çox çalışıb. Sinqapura qədər yalnız bir maşın üçün işləri yekunlaşdırmaq mümkün oldu. Yaponiyada digər maşında da yenilikləri görəcəyik”.

“Maklaren” sürücüsü əlavə edib ki, yenilənmənin əsas məqsədi bolidin aşağı sürətdə performansını artırmaqdır: “Bəzən avtomobilə edilən yeniliklər öz bəhrəsini vermir. Avstriyaya qədər belə idi, amma sonra komanda xeyli irəliləyiş əldə etdi ki, bu da məni çox sevindirir.

Bu dəfə bolidin aşağı sürətlərdə özünü aparmasına diqqəti yönəltmişik. Söhbət sükan arxasında pilotun özünü daha rahat hiss etməsindən deyil, avtomobilin ümumi performansını yaxşılaşdırmaqdan gedir”.

Shares: