Milli komandaların növbəti FİFA reytinqində qərarlaşacaqları mövqe müəyyənləşib.
Futbolinfo.az saytı xəbər verir ki, yığmaların sentyabrın ilk yarısında keçirdikləri oyunlardan sonra bir sıra yerdəyişmələr baş verəcək.
Lakin keçirilən oyunlar Azərbaycan millisinin mövqeyinə təsir etməyəcək. AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində evdə Belçikaya 0:1 hesabı ilə məğlub olan Canni de Byazinin yetirmələri yoldaşlıq görüşündə İordaniya üzərində 2:1 hesablı qələbə qazanıb.
Bu nəticələr milliyə cəmi 4 xal qazandırıb. Yəni növbəti FİFA reytinqində komandamız aktivindəki 1147 xalla 121-ci pillədə qalacaq. “Dalğa Arena”dakı məğlubiyyət İordaniyanın 2 addım geriləməsinə (84) səbəb olacaq. Dünyanın 5-cisi olan Belçikada isə heç bir dəyişiklik olmayacaq.
Ümumiyyətlə, ilk “10-luq”da cəmi bir dəyişiklik gözlənilir. Portuqaliya 8-ci yerə yüksələcəksə, İtaliya 9-cu mövqeyə düşəcək. FİFA reytinqinə yenə Argentina başçılıq edəcək. Fransa ikinci, Braziliya isə üçüncü yerdə qərarlaşacaq.
Qeyd edək ki, növbəti FİFA reytinqi sentyabrın 21-də açıqlanacaq.