Beynəlxalq İdman Arbitraj Məhkəməsinin (CAS) qərarlarının detalları bəllidir. “Sumqayıt”ın sabiq məşqçisi Elnur Çodarovun müraciəti əsasında aparılan araşdırma yekunlaşdığından qurum son qərarını verib.

Klub qərarı ictimailəşdirməyi lazım bilməsə də, “Futbolinfo” detalları öyrənib. Belə ki, ötən ilin mayında AFFA-nın müvafiq qurumlarının qərarından sonra edilən şikayət qismən təmin edilib. CAS “Sumqayıt”ın Çodarova təqbən 11 min manat ödəməsinə hökm verib. Qurumun şikayətlə bağlı çəkdiyi xərclərin 70 faizini klub, 30 faizini Çodarov ödəyəcək.

Əslində, futbol təsərrüfatında dövr edən maliyyəni nəzərə alsaq, bu vəsait elə də böyük deyil, “Sumayıt”ın sıradan legionerinin bir aylıq maaşıdır. “Kimyaçılar”ın vitse-prezidenti Riad Rəfiyev ölkənin imicini korlamaqdansa, məhkəmə çək-çevirlərinə səbəb verməkdənsə, işini doğru görə, müqaviləli işçisini incitməyə bilərdi. O zaman bezdirici məhkəmə prosedurlarına da ehtiyac qalmazdı.

Bu, Rəfiyevin ilk belə olayı deyil. Onlarla futbolçu eyni qaydada incidilib. Sadəcə, yalnız Çodarov özündə cəsarət tapıb hüquqlarını sivil qaydada qorudu.

Shares: