CAS-ın Elnur Çodarovun işi ilə bağlı “Sumqayıt”a kəsdiyi cəza, verdiyi qərar AFFA-dan yan keçib. Belə ki, qurum klubu sabiq məşqçisinə olan borcunu ödəməyə məcbur etsə də, Apellyasiya Arbitraj Tribunalının səhv qərarına görə assosiasiya cərimələnməyəcək.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli futbolinfo.az saytına açıqlamasında onlara göndərilən qərarda quruma hansısa cəzanın kəsilməsi ilə bağlı qeyd olmadığını dedi: “Sumqayıt” klubunun sabiq məşqçisi Elnur Çodarovun şikayəti üzrə Beynəlxalq İdman Arbitraj Məhkəməsində (CAS) AFFA və “Sumqayıt” klubuna qarşı başladılmış iş nəhayət ki, yekunlaşıb. CAS-ın 4 sentyabr 2023-cü il tarixli yekun qərarına əsasən mübahisənin klubla Elnur Çodarov arasında bağlanmış müqavilədən irəli gəldiyi və AFFA-nın bununla bağlı heç bir məsuliyyəti olmadığı əsas götürülərək AFFA iş üzrə cavabdeh qismində tanınmamış, nəticə olaraq barəsində heç bir sanksiya və öhdəlik müəyyən edilməmişdir. Bir daha qeyd edirik ki, işin nəticəsinə əsasən AFFA üzərində heç bir öhdəlik qoyulmayacaq və barəsində heç bir sanksiya tətbiq edilməyəcəkdir”.

Xatırladaq ki, məsələ ilə bağlı ilk xəbəri yazarkən cəzanın detallarını gün ərzində öyrənməyə çalışacağımızı yazmışdıq. “Sumqayıt”ın günahkar bilindiyi dəqiq idi, amma cərimənin məbləği və digər detalları aydınlaşdırmaq lazım gəlirdi. Tərəflərin heç biri qərarla bağlı rəsmi açıqlama vermədiyindən, təfərrüatı özümüz öyrənməyə çalışdıq. Yalnız AFFA-nın cərimələnməsi ilə bağlı suala cavab tapılmamışdı, yuxarıdakı açıqlama ilə məsələyə nöqtə qoyuldu.

Shares: