Böyük turnirlərlə zəngin olan sentyabr ayında daha bir dünya çempionatına start verilir. Serbiyanın paytaxtı Belqrad şəhərində pəhləvanlar dünyanın ən güclülərini müəyyənləşdirir.
Çempionatın digərlərindən fərqlərindən cəhətlərdən biri Rusiya və Belarus idmançılarının orada iştirakıdır. Ukraynada müharibə başladıqdan sonra idman ictimaiyyətinin əsas mövzusu məhz bu iki ölkənin idmançılarının turnirlərə buraxılma məsələsidir.
Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsi ilə Ümumdünya Güləş Birliyi qadağalardan əl çəkib. Bir neçə kriteriya nəzərə alınmaqla güləşçilər dünya çempionatına buraxılıblar. Yoxlama zamanı 26 nəfərin iştirakına icazə verilməyib. Onların da buraxılmamasının əsas səbəbi müharibəni dəstəkləmələri və ordu sıralarında qeydiyyatda olmalarıdır.
Qurumun belə bir qərar verməsi Azərbaycana təsirsiz ötüşməyəcək. Rusiyalı güləşçilər beynəlxalaq yarışlarda bizim əsas rəqiblərimizdir. Mundiala buraxılmasını nəzərə alsaq, onların gələn il keçiriləcək olimpiadada iştirak edəcəyini də söyləmək olar. Bu isə bizim medal alma şanslarımızın kifayət qədər azalması deməkdir.
Ölkəmiz Belqradda 26 güləşçi ilə təmsil olunacaq. Sərbəst güləşdə Əlabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed-Bəşir Xaniyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (79 kq), Əbubəkr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) mübarizə aparacaq. Qadınlarda Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq və Birgül Soltanova (65 kq) yarışacaq. Onlardan sonra isə növbə klassik güləşə çatacaq. Burada ölkəmizi Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullaev (97 kq) və Beka Kandelaki (130 kq) təmsil edəcək. Adlarını sadaladığımız idmançılardan 16-sı olimpiya lisenziyası uğrunda yarışacaq.
Qeyd edək ki, hər bir çəki dərəcəsində 5 idmançı olimpiadaya lisenziya qazanır. 3 növü müqayisə etdikdə klassiklərin azarkeşlərimizi sevindirəcəyinə ümid etmək olar. Aleksandr Tarakanovun rəhbərliyi altında komandamız son vaxtlar ciddi şəkildə inkişafa nail olub.
Ümumilikdə dünya çempionatına gəldikdə isə rəqiblərimizin yenə də ABŞ, Iran və Rusiya olacağını söyləmək mümkündür. Ən böyük maraqla gözlənilən görüşlərdən biri 86 kq-da iranlı Həsən Yəzdani ilə ABŞ-li Devid Teylorun qarşıdurmasıdır. Son 6 il ərzində keçirilən turnirlərdə yalnız bu iki nəfər çempion olub. İki olimpiya çempionunun döyüşü çempionatın bəzəyi olmalıdır. Aralarındakı görüşlərin nəticəsi amerikalının (4:1) xeyrinədir. ABŞ-li güləşçi karyerasının ən böyük zəfəri olan Tokio Olimpiadasının finalında da məhz Yəzdanini məğlub etmişdi.
Digər maraqla gözlənilən duel 125 kq çəki dərəcəsində olmalıdır. Son illərdə bu çəki dərəcəsində rəqib tanımayan türkiyəli Taha Akgülün qarşısında gənc Əmir Zara var. İran idmançısı estafeti Tahanın əlindən almaq istəyir. 2021-ci il dünya çempionatında Zara Akgülü 4:0 hesabı ilə məğlub etmişdi. Keçən il isə türkiyəli güləşçi rəqibindən qisasını ala bilmişdi.
74 kq çəkidə Kayl Deyklə Maqomedhəbib Kadimaqomedov görüşü olmalıdır. ABŞ-li Tokioda aşkar favorit sayılırdı. Lakin ikiqat dünya çempionu ¼ finalda Belarusu təmsil edən güləşçiyə böyük hesabla məğlub oldu. Həmin döyüşə qədər 3 il heç kimə uduzmayan və ardıcıl 49 qələbə qazanan Deyk üçün məğlubiyyət bir şok idi. Həmin vaxtdan bugünə qədər Deyk yenə də heç kimə uduzmur. Bu müddətdə iki dəfə dünya çempionu olan Kayl rəqibindən qisas almağa çalışacaq. Kadimaqomedov isə olimpiadadan sonra ciddi uğura imza atmayıb.
CAVAD