AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək bu həftə jurnalistlər üçün seminar keçirdi. O, mübahisəli epizodlarla, yeni qaydalarla bağlı mətbuat nümayəndələrini məlumatlandırmağa çalışdı.

Amma buna gərək yox imiş. Çünki “Zirə” – “Sumqayıt” oyununun baş hakim Kamranbəy Rəhimov dünən meydanda master-klass keçdi. Həm də qarşılaşmanın hakim-inspektoru olan Şimşəkin gözü önündə… Elə bir hoqqa çıxardı ki, Barış bəy təkcə bu epizodun izahı üçün əlavə seminar təşkil etməlidir.

Futboldan danışmaq, yazmaq istəyirik. Amma bəzən elə qərəzli qərarlar görürük ki, məcburan kimlərinsə futbol yox, OYUN oynadığından şübhələnirik. Sanki məqsəd var, ona çatmaq üçün hər yola əl atırlar.

Matçın hələ startında “Zirə”nin azlıqda qalmasına səbəb olan epizodun heç bir izahı yoxdur. Hətta sarı vərəqənin verilməməsi gərəkən anda meydan sahibləri azlıqda qoyulursa, niyyət üzə çıxır. Və hakim özünü VAR-a getməməklə ifşa edir. Mübahisəli qırmızı vərəqə araşdırılmalı olduğu halda Rəhimov qəti qərarını verib oyunu davam etdirir.

“Zirə” əzmkar oyun sayəsində qol vurub qələbəni təmin etdi və bu qərarın tezliklə unudulmasına səbəb oldu. Bəs, meydan sahibləri xal itirsəydi, bunu kimin vicdanına yazacaqdıq? Hələ komandanın əsas heyət üzvlərindən birinin növbəti turda “Neftçi” ilə matçı buraxacağı digər məqamdır. Bu faktları üst-üstə gələndə hakimin kimlərinsə istəyi ilə “Zirə”nin uğur seriyasını dayandırmaq istədiyini düşünürsən. Deyəsən, Rəşad Sadıqovun uğurunu istəməyənlər yenə üzə çıxmağa başlayıb.

 6 oyuna 5 qələbə “qartallar” üçün ciddi göstəricidir. Komanda ötənilki öz səhvlərindən, hakimlərin adət etdiyi qərəzindən dərs çıxarıb, artıq 10 nəfərlə qələbə qazanmağın da yolunu tapmalıdır. Zaman göstərir ki, “Zirə”nin nəticə qazanmağı kimlərisə narahat edir. Əks halda, belə teatr təşkil etməzdilər. Hakim səhv edə bilər, lakin nümayişkaranə şəkildə VAR müdaxiləsinə ehtiyac duyulmursa, bu, niyyəti göstərmək deməkdir.

Oyuna gəlincə, “Sumqayıt”ın startdakı qələbələrinin təsadüf olduğunu yazmışdıq. Zaman nə qədər haqlı olduğumuzu göstərir. Samir Abasov heyəti düzgün komplektləşdirməyib, eyni mövqeyə bir neçə oyunçu alıb, əvəzində başqa mövqeləri unudub. Komandada 10 legioner varsa və onlardan yalnız 5-i start heyətdə meydana biraxılırsa, deməli, seçimlər düzgün deyil.

Və daha bir məqam “Zirə”nin vurduğu qol zamanı üzə çıxdı. İki cinah müdafiəçisinin təşkil etdiyi qol rəqibin boşluqlarının nümayişi idi. Faktiki cinah müdafiəçiləri olmadan oynayan, bu mövqedə yarımmüdafiəçilərdən istifadə edən Abasov səhvini anlamalıdı. Xüsusilə Məqsəd İsayevi “tutmalı” olan oyunçu vəzifəsinn öhdəsindən gəlmədi və məğlubiyyət reallaşdı. Bu, komandanın taktiki səhvi idi, müdafiə zamanı futbolçuların öz funksiyasını bilməməsi yekun nəticəni müəyyənləşdirdi.

“Sumqayıt” ikinci hissəni hücumda keçirdi, ardıcıl hücumlar qurdu. Amma bu, kimsəni aldatmasın. Hesabda öndə olan, azlıqda qalan “Zirə” hesabı qorumaq üçün buna məcbur idi və plan yerinə yetirildi. Kamranbəyə rəğmən, qazanılan qələbə “Zirə”ni zirvədə saxladı.

Yəqin ki, Barış Şmşək növbəti seminarı təşkil etməz, lakin bu epizodla bağlı mütləq izahat verməlidir. Onun gözünün qabağında edilən səhvin nəticəsi Rəhimovun bir neçə tur təyinat almaması olacaq. Lakin sədr mütləq epizoda aydınlıq gətirməli, Pyer Zeblinin “qırmızı”sının İntizam Komitəsi tərəfindən ləğv edilməsinə zəmin yaratmalıdır.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp