“Sumqayıt”ın sabiq məşqçisi Elnur Çodarovun müraciəti əsasında Beynəlxalq İdman Arbitraj Məhkəməsinin (CAS) araşdırması yekunlaşıb. Futbolinfo.az dünəndən bu barədə yazır, məsələnin bütün təfərrüatndan xəbərdarsız.

Dünən AFFA rəsmiləri də saytımıza verdiyi açıqlama ilə qərarla bağlı məktub aldıqlarını təsdiqlədi. Yalnız “Sumqayıt” susqun idi, klub prezidenti Riad Rəfiyevin aşağıda təqdim edəcəyimiz şərh-açıqlaması “kimyaçılar”ın etirafı sayıla bilər.

AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sabiq sədri Nailə Rüstəmzadə də şəxsi Feysbuk hesabından paylaşım etməklə məsələni ictimailəşdirib. Qurum məşqçinin şikayətində haqlı olduğunu, “Sumqayıt”ın ona ödəməkdən imtina etdiyi 3 aylıq maaşı bir ay ərzində çatdırmasının vacibliyini qərarında göstərib. Bu barədə həm AFFA-ya, həm “Sumqayıt”a, həm də Elnur Çodarova məktub gəlib.

Əldə etdiyimiz məlumata görə, CAS-ın qərarına əsasən “Sumqayıt” klubu müqavilənin pozulmasına görə Elnur Çodarova 10725 (on min yeddi yüz iyirmi beş) manatı məbləğində təzminat ödəməlidir. Tərəflərə təqdim olunacaq arbitraj xərclərinin (təqribən 5 min manat) 30 faizi Elnur Çodarov, 70 faizi isə “Sumqayıt” tərəfindən ödəniləcək.

Nalə xanımın paylaşımına ilk şərhi də məhz Rəfiyev yazıb. Menecer-prezidentin gülüş işarəsi ilə zəngin şərhini olduğu kimi təqdim edirik: “Uddu ?)))) Siz buna uddu deirsiz ?) Əgər sizin üçün belədirsə qoy belədə qalsın, amma əminəm ki heç Elnur müəllim sizin gədər bu qərara sevinmir )))))”.

41ca21f7 f150 4dd5 aca7 f3e0917c6580 - Futbolinfo.az

Elnur müəllimin sevinib-sevinmədiyini dəqiqləşdirmək üçün özünə müraciət etdik. Çodarov qısa danışdı: “Doğrusu, maliyyənin məbləği mənim üçün önəmli deyil. Ödənilməyən 3 ayın maaşını tələb etmişdim və bu, qərarda əksini tapıb. Vəkillər tərəfindən əlavə tələblər ola bilər, onun nəticəsi məni maraqlandırmır. Ümumiyyətlə, mənim üçün əsas olan haqq-ədalətin bərpası idi. Belə olaylar xoşagələn deyil, amma məsələ prinsipial hal almışdı, “Sumqayıt” tərəfi bir qəpik də ödəməyəcəyini bildirmişdi. Bu səbəbdən CAS-ın qərarı suallara nöqtə qoydu, məbləğin nə qədər olması vacib deyil, əsas olan faktın özüdür və prosesdə qalib gəldik. Xüsusi olaraq vurğulayım ki, mənim üçün də xoş proses deyildi, kaş olmazdı, amma hüquqlarımı qorumaq məcburiyyətində idim”.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp