Azərbaycan futbolu indiki bataqlıqdan çıxa bilmirsə, bunun səbəbi idarəçilərin bacarıqsızlığında, səriştəsizliyindədir. İllərdir AFFA-da, klublarda o qədər təsadüfi adam işləyib ki, indiki vəziyyət başadüşüləndir.
Onlardan biri “Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyevdir. Bu şəxsin rəhbər olduğu klub Beynəlxalq İdman Arbitraj Məhkəməsində (CAS) komandanın sabiq məşqçisi Elnur Çodarova uduzub. “Kimyaçılar” isə az qala bunu bayram kimi qeyd edir. Klubun bəyanatından bunu hiss etmək olar.
“Sumqayıt”ın paylaşdığı məlumatdan belə aydın olur ki, sanki klub böyük qəhrəmanlıq edib. Guya klubdan istənilən məbləğ 30400 (otuz min dörd yüz) manat təşkil edirmiş, CAS-ın qərarı isə 10725 manat (on min yeddi yüz iyirmi beş) məbləğində kompensasiya ödənilməsini zəruri edir.
İddiaçı çox şey tələb edə bilər, məhkəmə ən uyğun qərarı verir. Rəfiyev nağıl danışmaqdansa, öz məkri nəticəsində kluba vurduğu ziyanı hesabasın.
“Sumqayıt”ın imicinin korlanması, bir ilin əsəbi bir yana, Rəfiyev faktiki ödəməli olduğundan daha artıq xərcə düşəcək. Vaxtında 3 aylıq maaşı – 10725 manatı ödəmək lazım idi ki, olay bu qədər böyüməsin, proses uzanmasın. Zatən məhkəmə həmin pulun ödənilməsi barədə qərar verib. Klub əlavə olaraq arbitraj xərclərinin 70 faizini ödəyəcək ki, bu da əlavə ziyan deməkdir. Hələ AFFA-nın Apellyasiya Arbitraj Məhkəməsinin üzvlərini pis vəziyyətdə qoymağı bir kənarda yadda saxlayaq. Neçə “hörmət sahibi” olan insan həmin qurumun üzvlərinə ağız açmış, 4 may 2022-ci il tarixli utancverici qərarı qəbul etmişdilər.
Çodarov heç nə itirmədi, 3 aylıq maaşını alacaq, Rəfiyev isə bir qəpik də ödəməyəcəyini deyib qərar ləğv etdirdi, müvəqqəti qalib oldu, lakin indi həm AFFA-nı pis vəziyyətdə qoydu, həm tələb olunan vəsaiti ödədi, həm də əlavə xərcə düşdü. Daha bir məqam maraqlıdır. Belə çıxır ki, “Sumqayıt” qanunu pozaraq kiminsə haqqını yeməyə çalışır və əvəzində öz qazancını hesablayır. Kiminsə maaşını kəsməklə, mənimsəməklə qazanc axtarmaq menecer-prezidentlərə yaraşan davranışdır. Təəssüf ki, belə marketoloqlar 15 ildir futbolumuzda at oynadır(dı)…
FƏRİD