“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 6-cı turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Neftçi” ölkəmizin adlı-sanlı, nəhəng klublarındandır. Onlara qarşı oynamaq həmişə çətindir. Yaxşı oyunçuları var. Bunları və “Neftçi”yə qarşı necə oynayacağımızı uşaqlara bildirmişdik. Bəzi boşluqlarımız oldu. Həyəcan var idi. Şükürlər olsun ki, bu gün qələbə bizim oldu. Futbolçularımı təbrik edirəm. Yaxşı və sona qədər mübarizə apardılar.
Mən açıq futbol oynamağı xoşlayıram. Hətta 10 nəfərlə qalanda da, rəqibi qabaqda sıxırdıq, pressinq edirdik. Həmişə çalışmışam ki, rəqib tərəfdə oynayaq və üstünlük bizdə olsun.
Hazırda hansısa pilləni tutmaq barədə düşünmürük. Bu günlə yaşayıram və sabaha baxıram. Komandam üçün ən yaxşısını etməyə çalışıram. Hansı pillədə olacağımızı sonda biləcəyik. Amma maksimumu etməyə çalışırıq.
Mənim üçün önəmli olan qol yox, nəticədir. Komandam nəticə qazanırsa, içimdə sevinirəm. Arada düşünürəm ki, nələrisə daha yaxşı etmək olardı. Dünənlə yaşamırıq, bu gün maksimumu edib, sabahı düşünürük. Nəticə gələcək. “Neftçi”ni udduq və ya “Qarabağ”a uduzduq, fərq etməz. Hər oyunda komanda üçün nə vacibdirsə, onu edirik. Hansısa komandanı udmaq mənə şöhrət gətirmir. Əsas olan üç xaldır və komandamızın qələbəsidir”.