“Sumqayıt” ötən həftə Beynəlxalq İdman Arbitraj Məhkəməsinin (CAS) komandanın sabiq məşqçisi Elnur Çodarovun şikayətinə müsbət cavab verməsi ilə bağlı bəyanat yaymışdı. Sənəddə diqqət çəkən bir məqam da var və AFFA-nın faktı araşdırmasında fayda olar.
Futbolinfo.az xəbər verir ki, klub prosesdə iştirak edən şəxslərin adını sadalayır: “İş üzrə 9 fevral 2023-cü il tarixində CAS-ın tək hakimi Mr. Espen Aubergin rəhbərliyi altında şifahi dinlənilmə keçirilib. Bu məhkəmə prosesində klubumuzu vəkil Elcan Həsənli və Ramil Cahangirov təmsil edib”.
Sonuncu şəxs futbol azarkeşlərinə tanış olmaya bilər. Hazırda “CBC Sport”da şərhçi kimi fəaliyyət göstərən Ramil bəy istedadlı həmkarlarımızdandır. Cahangirovun hüquqşünas kimi də işinin peşəkarı olduğu deyilir. Lakin bütün bunlar ona bəraət vermir. Çünki Ramil bəy bu il martın 7-də AFFA İntizam Komitəsinin üzvü seçilib.
Təsəvvür edin, CAS AFFA Apellyasiya Arbitraj Tribunalının qərarını ləğv edərək Oyunçuların Statusu və Transferi Komitəsinin qərarını təsdiqləyir və bu prosesdə assosasiyanın başqa bir qurumunun üzvü günahlandırılan klubun hüquqlarını müdafiə edir. Düzdür, sözügedən iclas fevralın 9-da olub və Cahangirov bundan 26 gün sonra komitə üzvü seçilib. Bununla belə, araşdırma üçün yenə səbəb var. Axı, Çodarovun şikayəti ilə bağlı proses yalnız bu ay yekunlaşıb. Ramil bəyin bu müddətdəki fəaliyyəti, prosesin gedişində iştirakı maraq doğurur. Ümumiyyətlə, AFFA bu şəxsi komitə üzvü seçərkən onunn məhkəmə çəkişməsində tərəflərdən birinin hüquqlarını müdafiə etdiyini araşdırmışdımı?
“Sumqayıt” yaydığı bəyanatla həm özünü gülünc vəziyyətə saldı, həm də ona yardım edənləri ifşa etdi. AFFA-nın bu məsələyə biganə qalmayacağına, ən azı araşdırna aparacağına ümid edirik.