Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Futbolinfo.az xəbər verir ki, ikinci yarış günündə 57, 74, 79 və 92 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.
Əliabbas Rzazadə (57 kq) amerikalı Zeyn Riçardsa 3:2 hesabıyla qalib gəlsə də, iranlı Milad Vəlizadəyə məğlub olub – 4:8.
Turan Bayramov (74 kq) Bəhreyn təmsilçisi Maqomedrasul Asluyev (10:0) və qırğızıstanlı Arsalan Budajapovu (tuş) tam üstünlüklə mübarizədən kənarlaşdırıb. Gəncə güləş məktəbinin yetirməsi 1/4 finalda türkiyəli Soner Demirtaşla gərgin keçən qarşılaşmadan minimalhesablı (5:4) üstünlüklə ayrılaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında rusiyalı olimpiya və 2 qat dünya çempionu Zaurbek Sidakovla bacarmayan (1:5) Bayramov sabah bürünc medal uğrunda güləşəcək.
Orxan Abasov (79 kq) debütdə iranlı İman Mahdavini məyus edib – 6:3. Abasov daha sonra ermənistanlı Arman Avaqyana “tuş”la qalib gələrək 1/4 finala yüksəlib. Orxan amerikalı Çandler Marstellerə də gücünü göstərərək 9:3 hesablı qələbəylə adını yarımfinala yazdırıb. Ancaq debütant rusiyalı Axmed Usmanova 0:3 hesabıyla məğlub olub və ümidini bürünc medala bağlayıb.
Mübarizəyə 1/8 finaldan qoşulan Osman Nurmaqomedov (92 kq) ukraynalı Denis Sahaliuk (10:0) üzərində inamlı qələbənin ardınca amerikalı Zahid Valensiyadan güclü olub – 5:1. Təmsilçimiz yarımfinalda yaponiyalı Araş Yoşidaya da heç bir şans tanımayıb – 10:0. Nurmaqomedov həlledici görüşdə qazaxıstanlı Rizabek Aitmuxanla qarşılaşacaq.
Xatırladaq ki, ilk yarış günündə mübarizəyə qoşulan güləşçilərimizdən yalnız Maqomed-Başir Xaniyev (70 kq) bürünc medal qazana bilərdi ki, o, bu gün həmin şansı boşa verib. Təsəlliverici görüşdə polşalı Patrik Olenşinlə güləşən Xaniyev 10:13 hesabıyla uduzaraq medalsız qalıb.