“Qarabağ” “Sabah”ı sıradan bir rəqib kimi uddu. Matçöncəsi hamı mərkəzi oyunda iddialılara layiq mübarizə gözləsə də, ağdamlılar ciddi əziyyət çəkmədi. Bunun səbəbi isə bakılıların özünə gələ bilməməsi idi.

Ötən mövsüm parlaq futbol oynayan “Sabah” avrokuboklarda mübarizəni dayandırandan bu yana özünə bənzəmir. Hətta milli komandaların oyunlarına görə yaranan fasilə də “bayquşlar”a yardım etməyib. Komanda ruh yoxdur, futbolçular sanki meydanda nə edəcəyini bilmir.

Aleksey Kaşuk və Coy-Lens Mikelsin gedişinin “Sabah”a təsir edəcəyi bəlli idi. Lakin komanda iki futbolçudan bu qədər çox asılı ola bilməz. Onların əvəzinə xeyli oyunçu transfer edilib, boşluqlar doldurulub. Düzdür, yenilər komanda ilə birgə hazırlıq keçməyib, tam formada deyillər, yenə də bu qədər zəif oyunun səbəbi yalnız heyətin təzələnməsi deyil. Komandanın əsas sütünları yerindədir və onların da oyununda ciddi eniş müşahidə olunur.

Ehtiyatda bir oyunu olduğunu nəzərə alsaq, “Sabah” heç də çıxılmaz vəziyyətdə deyil, bununla belə, çempionluq yarışından xeyli uzaq qalan komanda liderdən hər tur bir az da uzaqlaşır. 5 oyuna cəmi 4 xal – yəqin ki, mövsümöncəsi kimsə bu statistikanı gözləmirdi.

Murad Musayev matçdan sonra mətbuat konfransında yuxarıda yazdıqlarımızı etiraf etdi, futbolçuların ayılmalı olduğunu bildirdi. Lakin vəziyyəti dəyişmək elə məhz baş məşqçinin işidir. Ötən mövsüm çempionatda rəqabət zəif idi, əksər komandalar heyət problemi yaşayırdı. Bəlkə də elə bu üzdən rusiyalı mütəxəssis eyforiyaya qapılmışdı. İndi isə iddialıların sayı artıb, hamı futbol oynamağa başlayıb və Musayevin qüsurları üzə çıxır.

Faktiki dünənki oyunda “Qarabağ” “Sabah”a minimal şans vermədi, həm oyunu birnəfəsə keçirdi, həm də həftəiçi keçirəcəkləri avrokubok matçı üçün gücünü qorudu. Qonaqların oyununda dinamika yox idi, fərdi səhvlər sıralanırdı, düşünülmüş kombinasiyalar barmaqla sayılacaq qədər az idi. Meydanın mərkəzində ikili mübarizələrdə də ağdamlılar bir qayda olaraq qalib gəlirdi.

Təbii ki, “Sabah”ın potensialı var, yaxşı heyətə malikdirlər. İndi əsas iş məhz Musayevin üzərindədir. Qısa müddətdə komandanı toparlaya bilməsə, artıq istefa versiyası da aktuallaşacaq. Psixoloji cəhətdən çökmüş komandada ayılmalı olan ilk şəxs məhz məşqçi özüdür.

Matç heç-heçə başa çatsaydı, bu komandaların ikisini də yenmiş “Zirə” daha çox sevinər, zirvədə möhkəmlənərdi. Lakin “Qarabağ” asan təslim olmayacağını göstərdi. Əvəzində liderə daha yaxın olan “Turan Tovuz” önəmli iki xal itirməklə əla şansı əldən verdi. Qərblilər evdə qısa müddətdə vurduğu iki qolla “Qəbələ”ni növbəti məğlubiyyətə yaxınlaşdırmışdı. Amma qonaqlar 6 dəqiqə ərzində bərabərlik qollarını vurmağı bacardı.

Evdə qələbə qazanmağı çoxdan unudan Ayxan Abbasovun yetirmələri matçın ilk bir saatını əla keçirmişdi. Rəşad Əzizlinin möcüzəli seyvləri olmasaydı, hətta 3-4 topluq fərq yarana bilərdi. Əvəzində xüsusilə yarımmüdafiədə böyük güc sərf edən tovuzlular yoruldu, “Qəbələ” isə əvəzetmələrlə tempi artırıb məğlubiyyətdən qurtuldu.

Hazırda 2-ci yerə 4, son pilləyə 3 komanda şərikdir. Sürpriz lider “Zirə” sabitliyi qoruyur. Qışa kimi yuxarı pillələrdə qalmağı bacaranlar avrokuboklara yollanmaq üçün böyük üstünlük əldə edəcək. Amma 2-10-cu yerlər arasında cəmi 6 xal fərqinin olduğunu da unutmayaq. Rəqiblər bir-biri ilə mövsüm ərzində 4 dəfə qarşılaşır və hər şeyin dəyişməsi mümkündür.

FƏRİD

Shares: