“Araz-Naxçıvan”ın kapitanı Numan Kurdiçin futbolinfo.az saytına müsahibəsi

– Son oyunda “Neftçi”ni məğlub etdiniz. Azarkeşlər üçün gözlənilməz nəticədir. Bəs, sizin üçün?..

– Bizim üçün çətin oyun olacağını bilirdik. Rəqib yaxşı klubdur, favoritlərdən biridir. Baş məşqçinin bizə dediyi kimi oynadıq. Bilirdik ki, matç ərzində qol vurmaq üçün şanslarımız olacaq. Bundan istifadə etməliydik. Qol vurduq, müdafiədə də etibarlı idik.

– “Araz-Naxçıvan”ın liqadakı çıxışı sənin üçün gözlənilən idi?

– Açığı, bu cür gözləmirdik. Çünki bir-birimizə o qədər də alışmamışdıq. Kifayət qədər yoldaşlıq matçı da oynaya bilmədik. İndi isə nəticələr yaxşıdır. Biz şadıq ki, bu cür oyunlar oynayırıq, nəticələr qazana bilirik.

– Qələbələrdən sonra turnir cədvəlində vəziyyəti düzəltmisiz. İndi hədəf nədir?

– Bu barədə danışmaq üçün tezdir. Diqqətimizi qarşıdakı matçlara yönəltmişik. Bizim fikrimiz hər oyunda qalib gəlib irəli getməkdir. Öz oyunumuzu daha da yaxşılaşdırmalı, çatışmayan cəhətlərimiz üzərində işləməliyik.

– Legioner olaraq bura gələndə “Araz-Naxçıvan”da kapitan olacağını gözləyirdin?

– Düzünü desəm, bunu gözləmirdim. Amma buna görə çox sevinirəm.

– Çempionatdakı rəqiblərinizi necə dəyərləndirirsən?

– “Qarabağ”, “Sabah” və “Neftçi”ni digərlərindən fərqləndirmək olar. Onlar çempionatın favoritləridir. Digərləri ilə oynamaq olar.

FƏRİD

Shares: