“Neftçi”nin sabiq belçikalı futbolçusu Emil Mpenza vaxtilə formasını geyindiyi milli komandanın AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan (1:0) və Estoniya (5:0) ilə keçirdiyi oyunları dəyərləndirib.

45 yaşlı sabiq hücumçu futbolinfo.az saytına açıqlamasında bu nəticələri öncədən gözlədiyini bildirib.

Mpenza komandalarının Bakıdakı görüşdə çətinliklə üzləşməsinin bir sıra amillərdən qaynaqlandığını söyləyib: “Azərbaycana səfər istər-istəməz futbolçularda yorğunluğa səbəb olmuşdu. Üstəlik, mətbuatdan oxuduğum qədərilə oyunun keçirildiyi stadionun ot örtüyü pis vəziyyətdə olub. Nəzərə alaq ki, komandamızda bir sıra dəyişikliklər olmuşdu, bəzi aparıcı oyunçular Bakıya getməmişdi. Həmçinin, Lukaku da formada deyildi. Belə bir vəziyyətdə Bakıdan 1:0 hesabı ilə dönmək də uğurdur”.

Onun fikrincə, Belçika yığması getdikcə daha güclü olacaq: “Komandamız Estoniya önündə əsl gücünü ortaya qoydu. Məncə, bu qrupdan çıxacağıq”.

Sabiq “Neftçi”li Azərbaycan millisi barədə də fikirlərini bölüşüb: “Oyunu izlədim. Heç də pis çıxış etmədiniz. Ələ düşən şansda kapitanınız (Emin Mahmudov) qolu vursaydı, başqa cür də yekunlaşa bilərdi. Amma deyə bilərəm ki, Azərbaycan Estoniyadan daha yaxşı komandadır”.

Qeyd edək ki, Emil Mpenza 2010-2012-ci illərdə “Neftçi”nin formasını geyinib.

Shares: