“Zirə”nin müdafiəçisi Ruan Renatonun futbolinfo.az saytına müsahibəsi
– “Sumqayıt”la matçın çox hissəsini 10 nəfərlə keçirməyinizə baxmayaraq qələbə qazandınız. Şübhəsiz ki, çox çətin anlar idi.
– Çox çətin qarşılaşma oldu. Çempionatda özünməxsus tərzi olan komanda ilə oynadıq. Üstəlik, oyunun əvvəllərində azlıqda qaldıq. Amma komanda oyundan düşmədi və yaxşı çıxış etdi. Hamı meydanda nə edəcəyini bilirdi. Matçın bizə verdiyi çətinliklərə sinə gərib qələbə qazandıq. Bu matçla bağlı onu qeyd etmək olar ki, hamı fədakarlıq etdi. Yüksək konsentrasiya və bir-birimizi anlamağımız komandanı qələbəyə daşıdı.
– Çempionatın lideri olmağınız sənin üçün də gözlənilməzdir?
– İlk gündən hər məşqdə, hər oyunda əlimizdən gələnin ən yaxşısını edəcəyimizə söz vermişik. Bu gün də gərgin məşqlərimizin bəhrəsini görürük, nəticələr müsbət olur. Təəccüblənmirəm, gözlənilməz də deyil, çünki hansı əziyyətləri çəkdiyimizi, hər oyuna necə ciddi yanaşdığımızı bilirəm.
– Bu liderlik mövqeyində olduqdan sonra ağlınızdan çempion olmaq keçir?
– Biz titullar və cədvəldəki mövqeyimiz haqqında düşünmürük. Həmişə növbəti oyuna köklənirik. Hazırlaşırıq ki, növbəti turda qələbə qazanmalıyıq, xallar əldə etməliyik. Hazırda “Zirə”nin məqsədi meydana çıxdığı matçlarda qalib gəlməkdir. Çempionatın sonunda bu düçüncələrin bizi hara apardığını görəcəyik.
– Pyer Zebliyə 11-ci dəqiqədə verilən qırmızı vərəqə epizodu ilə razılaşırsan, yoxsa hakimin yanlış qərar verdiyini düşünürsən?
– Meydanda da, sonradan epizodun təkrarına baxdıqda da düşündüm ki, qırmızı vərəqə lazımsız idi. Amma hakimin qərarına hörmət edirik. Bu cür halların komandanı sarsıtmaması vacibdir. Hər şeyə hazır olmalıyıq. Belə epizodlarla qarşılaşacağıq.
– Premyer Liqada yeganə məğlubiyyəti “Qəbələ”dən almısız. Sabiq komandanla görüşdə niyə uduzdunuz?
– Hamı bilir ki, “Qəbələ”yə böyük sevgim var. Orada çox gözəl iki il keçirdim. Amma bu gün “Zirə”nin rənglərinə bağlıyam və bu komandanın uğurları üçün çalışıram. Həmin məğlubiyyət məni çox üzdü. Çünki bu il yeganə matç idi ki, komanda istədiyini edə bilmədi. Amma inanıram ki, həmin oyundan çox şey öyrəndik. Bu oyun göstərdi ki, hər oyunda əlimizdən gələni etməsək, qalib gələ bilməyəcəyik.
– “Zirə” “Qəbələ” ilə matçlarda həmişə çətinlik çəkir?
– “Qəbələ”yə qarşı oynamaq həmişə çətin olur. Ümid edirəm ki, növbəti dəfə daha hazırlıqlı olub qalib gələcəyik.
– Qarşıda səfərdə “Neftçi” ilə çətin matç var…
– İndidən düşünmək olar ki, çox çətin olacaq. Rəqib bu mövsüm istədiyi nəticələri qazana bilmədiyi üçün bizimlə qarşılaşmaya daha ciddi yanaşacaqlar. Buna hazır olmalıyıq. Həftə ərzində çox ciddi hazırlaşacağıq. Ümid edirəm ki, komanda şənbə günü ən yaxşı şəkildə çıxış edəcək və qalib gələcək.
FƏRİD