2020/21 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la Bakıda oynamalı olan “Molde” paytaxtımıza gəlməkdən imtina etdi. Səbəb isə Norveçin Azərbaycanı koronavirus təhlükəsinə görə “qırmızı zolaq”da görməsi idi. Bakıda işlərinin çətin olacağını anlayıb UEFA-nı görüşün neytral meydanda keçirilməsi ilə bağlı qərar qəbul etməyə vadar etdilər. Təbii ki, istəklərinə də nail oldular.
O zaman “Qarabağ” Kiprdə onları qəbul etmək məcburiyyətində qaldı və penalti seriyasında uğursuzluqla üzləşərək ÇL-də mübarizəni dayandırdı. Doğrudur, oyunun gedişində norveçlilər penaltidən yararlana bilmədi. Amma həmin epizodu istisna etsək, “Qarabağ” həmin görüşdə meydanda diqtə edən tərəf idi. Penaltilər seriyasında isə Bədavi Hüseynovun qapıçını keçə bilməməsi hər şeyi alt-üst etdi.
Amma bu dəfə “Molde” Bakıya gəlməmək üçün heç bir bəhanəyə əl ata bilməz. Bu görüş motviasiya planında da “Qarabağ” üçün stimul olmalıdır.
3 il əvvəl “Qarabağ” necə həmin görüşün favoriti olmuşdusa, indi də aşağı-yuxarı eyni üstünlüyə malikdir. Doğrudur, nəinki 3 il, hətta ötən mövsümlə müqayisədə komandamızda müəyyən geriləmə hiss olunur. Ən azı ötən mövsümlə müqayisədə Qurban Qurbanovun hücum arsenalı tamamilə yenilənib. Klubdan ayrılan 5 hücumçunun əvəzinə komnadaya gətirilənlər onları tam olaraq əvəzləyə bilmir.
Əslində, yeni hücumameyilli oyunçuların yaradıcılıq planında axsama yoxdur. Sadəcə, “Qarabağ”ın hücumçularının məhsuldarlığı aşağı səviyyədədir. Doğrudur, son oyunlarda Juninyoda titrəyiş hiss olunur. Amma bunun daimi olacağını iddia etmək çətindir. Redon Cica isə “Rakuv”a qarşı oyunlardan sonra “radarlardan itib”.
Amma “Molde” də heç də şişirdiləsi komanda deyil. Doğrudur, bu komanda Çempionlar Liqasının pley-off mərhələsində “Qalatasaray”a qarşı hər iki oyunda xoş təsir bağışladı. Amma bunu qətiyyən göstərici kimi qələmə vermək doğru deyil. O göstərici sayılmalıdırsa, o zaman “Qarabağ”ın hər iki oyunda məğlub etdiyi HJK-nın Helsinkidə “Molde”ni məğlub etdiyini də əks-arqument kimi səsləndirə bilərik. Norveçlilər, ümumiyyətlə, Finlandiya təmsilçisini cavab görüşündə son dəqiqələrdə vurduqları qolla keçdilər. Bununla yanaşı, Farer adalarının “Klaksvik” komandasına da səfərdə məğlub olmuşdur. Onları hətta əlavə 30 dəqiqədə vurduqları qolla mübarizədən kənarlaşdırdılar.
Bu komandanın heç Norveç çempionatında da işləri qaydasında getmir. Hazırda bu komanda 21 turdan sonra 4-cü sıradadır və liderdən 8 xal geridədir.
Belə bir məqamda ötən mövsüm Norveç çempionu olan bu komandanın bu yay heyətində olan dəyişiklilərinə nəzər salmaq daha məqsədəuyğun olardı. “Molde” bu yay cəmi 4 futbolçunu heyətinə qatıb. Son Norveç çemponu onlardan yalnız birinə görə pul ödəyib. Söhbət ölkənin digər klubu – “Tromse”dən alınan Kasper Eyvanndan gedir. 194 sm boya malik mərkəz müdafiəçisinə görə 1,3 milyon avro ödənilib. Keçid avqustun sonlarında reallaşıb. Eyvann çempionatın son 2 turunda komandanın heyətində əvəzlənmədən oynayıb.
“Molde” daha 2 futbolçunu azad agent statusunda heyətinə qatıb. Onlar uyğun olaraq, Kipr “Pafos”u və Türkiyə “Adana Dəmirspor”undan ayrılan sağ vinger Eyrik Hestad və mərkəz hücumçusu Fredrik Qulbrandsendir. Maraqlıdır ki, onların hər ikisi vaxtilə “Molde”də çıxış edib. Hestad bu klubun yetirməsidir və 2013-2021-ci illərdə formasını geyinibsə, Qulbrandsen daha az müddətdə – 2013-16-cı illərdə bu komandanın şərəfini qoruyub.
Daha bir diqqətçəkən məqam hər ikisinin əvvəlki klublarında özləri göstərə bilməməsi, ancaq “Molde”yə qayıtdıqdan dərhal sonra fayda verməsidir. Son 1,5 mövsüm ərzində “Pafos”da bircə qol vurmayan Hestad “Qalatasaray”la oyunda 1, çempionatın son turunda isə 2 dəfə rəqib qapısına yol tapıb. Qulbrandsen isə qayıdışından sonra axırıncı turda cəmi 24 dəqiqə meydanda qalsa da, bir qol vurmaq imkanı tapıb.
Danimarka “Brondbü”sündən icarəyə götürülən Kristian Kappis haqda eyni sözləri demək olmur. Amerikalı mərkəz müdafiəçisi hələlik yeni komandasında debüt etməyib.
Son Norveç çempionu daha çox bu yay satdığı futbolçularla diqqət çəkib. Özü də rəhbərlik komandanın Çempionlar Liqasının pley-offunda “Qalatasaray”a məğlubiyyətdən sonra iki aparıcı futbolçunu buraxmaq qərarına gəlib. İyulda mərkəz müdafiəçisi Birk Risanın “Nyu-York Siti”yə keçidindən 1 milyon avro əldə edən “Molde”, əsas transfer əməliyyatlarını sentyabrın 1-də gerçəkləşdirib. Belə ki, dayaq yarımmüdafiəçisi Sivert Mannsverk 6 milyon avroya “Ayaks”a, mərkəz hücumçusu Ola Brinhildsen isə 2,5 milyona Danimarka “Midtyulann”ına qoşulub. Sonuncu ötən il vurduğu 11 qolla “Molde”nin ən yaxşı ikinci, bu il isə 7 dəfə fərqlənməklə ən yaxşı bombardiri olub.
Baş məşqçi Erlinq Moe əsasən 3-5-2 sxeminə üstünlük verir ki, bu da hibrid taktika sayılır. Komanda geriyə çəkilərkən çox sıx müdafiəsi ilə yadda qalır. “Qalatasaray”la oyunlarda bunun şahidi olduq. “Molde”nin əsas prinsipi daha çox meydanın mərkəzində sıxlıq yaratmaqdır. Rəqibə qarşı çox yaxşı pressinq tətbiq edirlər. Xüsusən də komandanın onurğa sütunlarından olan Emil Breyviki gözdən qaçırmaq olmaz.
Yuxarıda adını çəkdiyimiz Eirik Hestad da artıq adaptasiya dövrünü geridə qoyub və mərkəzin “minalanmasında” böyük pay sahibidir. Bununla yanaşı, Frederik Qulbrandsenlə Emil Breyvikin faydalı iş əmsalı yüksəkdir. Xüsusən də də sonuncunun uzaqdan qüvvətli zərbələrindən çəkinmək lazımdır.
“Molde”nin “düşünən beyinlər”indən biri də hücumun sivri ucunda qərarlaşan Veton Berişadır. Mərkəz hücumçusu olmasına baxmayaraq, Berişa əsasən sol cinahdan hücuma qoşulur və uzun reydlər edərək cərimə meydançısına yerlə hiyləgər ötürmələr edir. Burada da 1-2 toxunuşla topu bəzən əks tərəfə keçirir və qüvvətli zərbə ilə qapını nişan alırlar. Bunun baş verməməsi üçün mümkün qədər Berişanın sol cinahdakı fəaliyyətini iflic etmək lazımdır.
Bir sözlə, heyətində 25 futbolçusundan 24-ü norveçli olan komandaya qarşı “Qarabağ”ı çətin oyun gözləyir. Doğrudur, əsasən “milli” komanda olsa da, heyətdə Norveç millisinə yalnız Breyvik dəvət olunur. Amma o da hələ millidə debüt oyunu keçirməyib.
Rəqib döyüşkənliyi ilə diqqət çəkilsə də, ötənilki “Frayburq”, “Nant” və “Olimpiakos”dan qat-qat zəif komandadır. Qrupdan çıxmaq üçün mütləq bu komandadan Bakıda 3 xal almaq lazımdır. Əks halda, işimiz çətin olacaq.
3 il əvvəlki “Molde”dən heyətdə kimlər qalıb?
Martin Ellinqsen – dayaq yarımmüdafiəçisi, həmin vaxt mərkəz müdafiəçisi oynamışdı
Kristoffer Hauqen – sol cinah müdafiəçisi
Etzaz Hussain – mərkəz yarımmüdafiəçisi, sarı vərəqə almışdı
Maqnus Volff Eykrem – hücumameyilli yarımmüdafiəçi
Eyrik Hestad – sağ vinger, sarı vərəqə almışdı
Erlinq Knudtzon – vinger
Matis Bolli – vinger, sonradan meydana çıxmışdı
İLQAR AĞAYEV