Çempionlar Liqasının ilk turunda “Latsio”nun qapıçısı İvan Provedel qol vurmaqla gündəmə düşdü. O, Madrid “Atletiko”su ilə oyunun son dəqiqəsində (90+5) başla vurduğu qolla komandasını məğlubiyyətdən xilas etdi – 1:1.
Futbolinfo.az xəbər verir ki, romalıların qolkiperi qitənin ən nüfuzlu klub turnirində qol vurmağı bacaran 4-cü qapıçı kimi tarixə düşdü. Daha əvvəl Hans-Yorq Butt (“Bayer”, 3 qol – hamısı “Yuventus”un qapısına), Vinsent Enyeama (“Hapoel Təl-Əviv”) və Sinan Bolat (“Standard”) fərqlənməyi bacarıb. Həmçinin Provedel Sinandan sonra penaltidən deyil, oyun epizodundan rəqibi məyus edən 2-ci qapıçıdır.
Maraqlıdır ki, komandasına bir xal qazandıran 29 yaşlı “çərçivə qoruyucusu” daha əvvəl də qol vurmağı bacarıb. 3 il əvvəl icarə əsasında İtaliya B Seriyasında “Yuve Stabia”nın formasını geyinən Provedel “Askoli” ilə matçda yenə 90+5-ci dəqiqədə başını işə salaraq komandasının xilaskarına çevrilmişdi (2:2).
Atası italiyan, anası rus olan İvanın 15 yaşına qədər hücumçu kimi oynamasını da qeyd edək.