“Məğlubiyyətə görə çox üzgünük. İstərdik ki, “Kəpəz” azarkeşlərini sevindirək, amma alınmadı”. Bunu futbolinfo.az-a açıqlamasında “Kəpəz”in futbolçusu Şakir Seyidov deyib.
Müdafiəçi Misli Premyer Liqasının 6-cı turunda “Səbail”ə 0:3 hesablı məğlubiyyətdən danışıb: “Ümid edirəm ki, gələcək matçlarda çatışmazlıqları aradan qaldırıb qələbə qazanacağıq. Biz azarkeşlərimizi sevindirmək istəyirik. Hələ ki, 6-cı turdur. Heç kim deyə bilməz ki, çempionatın sonunda necə olacaq. “Kəpəz”in mövsüm bitəndə axrıncı pillədə qərarlaşacağını düşünmürəm”.
Müqavilə ilə “Sabah”a məxsus olan futbolçu ikinci il ardıcıl icarədə oynamasından da söz açıb: “Oyun təcrübəm azalmasın deyə icarədə oynamağı istəmişəm. Bu, mənim xeyrimə olacaq”.
Seyidov “Sabah”ın hazırkı durumuna isə belə münasibət bildirib: “Onların geniş kollektivi var. Usta futbolçular çoxdur. Hər komandada “qara zolaq” olur. “Sabah” mənə doğma olsa da, növbəti turda səfər matçına 3 xal üçün gedəcəyik. Sona dəqiqələrə qədər “Kəpəz”in uğuru üçün mübarizə aparacam”.